Robert Prosineçki AFFA-nın baş katibini yenə hərifləmək istəyir
10 oktyabr 2017 / 13:18 Baxış sayı: 1117 Robert Prosineçki yenə oyun oynayır. Bakıya qayıtdığını deyib, vətəninə yollanmasını demirik, xorvat məşqçi yenə köhnə üsulllarla qiymət qaldırır. Bu gün xəbər çıxıb ki, Prosineçki Sloveniya yığmasını çalışdıra bilər. Guya o, sözügedən komandada işləmək üçün ilinə 800 min avro tələb edib. Xəbərə tələsik münasibət bildirən Sloveniya Futbol Federasiyasının prezidenti Rade Miyatoviç isə deyib ki, həmin məbləği ödəmək imkanında deyillər: “Prosineçkinin 800 min avro istədiyindən xəbərim yoxdu. Amma federasiyasının maliyyə durumu elə də yaxşı deyil. Belə yüksək vəsaiti xərcləyə bilmərik”.
Yadınızdadısa, bir neçə ay öncə eynii ssenarili xəbərlər daha çox idi. “Valensiya” və başqa ispan klubları, müxtəlif Türkiyə təmsilçiləri Prosineçki üçün “sıraya durmuşdu”. Hətta “Bursaspor”un prezidenti Roberti yuxusunda da görürdü. Amma ən maraqlısı odur ki, heç kim rəsmi təklif göndərmir, hətta bursalılar da AFFA-nın qapısını döymürdü.
Bütün bunlar menecer oyunları idi. Millimizin məşqçisinin müqaviləsinin bitməsinə 6 ay qalmışdı və yeni anlaşma imzalamaq lazım gəlirdi. Bu səbəbdən Prosineçki və onun başına ağıl qoyan menecerlər belə söz-söhbətləri mətbuata sızdırmaqla qiymət qaldırmağa cəhd edirdi. Yaxşı ki, AFFA-dakıların pulu qurtarmışdı və bu şaiyələrə məhəl qoymadılar. Pul olsaydı tora düşəcəkdilər, amma vəziyyət çətinləşdiyi üçün müqavilənin bitiminə kimi dirəşdilər.
İndi Robertin anlaşması bitir və onu müqaviləni uzatmaq istəyir. Elə bu səbəbdən həftə ərzində çox belə xəbərlər eşidəcəyik. Azərbaycan millisində ilinə 1,2 milyon (200 mini köməkçiləri üçündü – red.) avro alan Prosineçki Sloveniya variant vasitəsi ilə qiymətini qaldırır. Sloveniyallardan 900 min istəyirsə, deməli, bizimkilər daha çox verməli, ən azından əvvəlki anlaşmanı eyni şərtlərlə yeniləməlidilər – Sloveniyadan fərqli olaraq, Azərbaycan Avropanın göbəyi deyil.
Amma yeni müqavilə imzalamaq üçün lüzum yoxdu. Əvvəla, Qurban Qurbanov kimi daha yaxşı yerli, nisbətən ucuz qiymətə Robertdən də bacarıqlı əcnəbi məşqçilər varkən, həvəssiz xorvatla anlaşmaq doğru olmaz. Onun potensialının maksimumunu gördük. Həm də bu məşqçi özü müsahibələrində qeyd edir ki, Azərbaycanın final mərhələlərində oynamaq şansı, layiqli ehtiyat qüvvəsi yoxdu. O zaman hədəfsiz, perspektiv görməyən məşqçiyə milyonlar dağıtmağın nə mənası var? (futbolinfo.az)