Robert Prosineçki: “Mən yazmağa başladığımız tarixin davamının gəlməsini istərdim”

Baş məşqçimiz Robert Prosineçki Rusiya KİV-nə müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə o, Azərbaycan millisində işindən, Bakıdakı həyatından danışıb.

“Azərbaycanda gördüyüm işin nəticəsini tədricən görməyə başlamaq çox xoşdur. Hesab edirəm ki, dünya çempionatına vəsiqə qazana bilərik. Amma bunu bizdən heç də hamı gözləmir. Məsələn, Azərbaycanda hətta ən optimist adamlar da gözləməzdi ki, biz Norveç və Çexiya ilə oyunlardan dörd xalla ayrılarıq. Azərbaycan futbolu inkişafdadır və biz doğru yoldayıq”.

O, perspektiv barədə söz açarkən ehtiyatlı danışıb: “Çox çətin qrupa düşmüşük. Fikrimcə, biz burada əsl gücümüzü görəcəyik. Şadam ki, istənilən rəqibə qarşı oynaya biləcəyimizi göstərdik. Dünya çempionatına vəsiqə qazanmaq çox çətin olacaq. Amma mən yazmağa başladığımız tarixin davamının gəlməsini istərdim”.

Xorvatiyalı mütəxəssis öz ölkəsini çalışdırmaq barədə suala belə cavab verib: “Həyatın sabah sizə hansı sürprizlər bəxş edəcəyini bilmirsiniz. Kim bilir ki, sabah nə olacaq? Amma indi mən bu suala cavab vermək üçün özümü rahat hiss etmirəm. Çünki Xorvatiya yığmasının öz baş məşqçisi var. Mənim isə Azərbaycan yığması ilə bağlı planlarım var”.

Millimizin baş məşqçisi Bakıdakı həyatından da söz açıb: “Hər şey möhtəşəmdir. Burada mənim yaşamağım və çalışmağım üçün hər cür şərait yaradılıb. Bir sözlə, çox şadam”.

Həmin kateqoriyadan