Roberto Bordin: “Səbail”in futbolçuları tez-tez meydanda uzanaraq vaxtı uzadırdılar

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz premyer liqasının 18-ci turunda “Səbail” ilə görüşdən sonra mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis oyundan razı qaldığını bildirsə də, nəticəyə görə təəssüfləndiyini bildirib:

“Oyuna yaxşı başladıq. Hətta Dabo qol vurdu, amma ofsayd olduğu üçün sayılmadı. Bununla belə, qısa zaman ərzində qapımızdan iki qol buraxdıq. Sonra dönüş yaratmaq bizə çətin oldu. Bu hesab çox neqativ nəticədir. Oyunu idarə edən tərəf biz idik. Amma hesabda iki top geri düşəndən sonra daha da çətin olur.

Futbolçular ikiqat çox enerji itirirlər. Qollardan birinin əvəzini çıxandan sonra sonadək vuruşduq, amma təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Ümumilikdə, komadamın oyunundan razı qaldım. Kifayət qədər qol epizodu yaratdıq. İstər Dabo, istər Platellas, istər Sansone qol vura bilərdi. Hətta sona yaxın Mamadu Mbodjun da hesabı bərabərləşdirmək üçün imkanı var idi, amma alınmadı”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Hər oyuna olduğu kimi, bu matça da yaxşı hazırlaşmışdıq. Meydana 3 xal üçün çıxmışdıq. Yaxşı oynadıq, amma qələbəni əldə edə bilmədik. Qapımızdan qol buraxacağımızı gözləmirdik. Amma qollardan sonra çox şeyi dəyişmək məcburiyyətində qaldıq.

“Qarabağ”la eyni xalda olmağımızın bizə psixoloji təzyiq yarada biləcəyini deməzdim. Sadəcə, çempionat sanki sıfırdan başlayacaq, yeni oyunlar görəcəyik. Hər bir rəqibə hörmətlə yanaşırıq, amma “Səbail”in futbolçuları tez-tez meydanda uzanaraq vaxtı uzadırdılar. Bu, oyuna təsir edən vacib amillərdəndir”.

Həmin kateqoriyadan