Roman Qriqorçuk: Meydana çıxıb 3 qol vurmalıyıq

Avropa liqasının 3-cü təsnifatında sabah “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) klubları arasında cavab oyunu olacaq. Allsport.az saytı xəbər verir ki, ilk matçda rəqib 11-metrlik cərimə zərbəsi ilə qalib gəlmişdi. Bu gün təşkil olunan mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk yenilginin əvəzini çıxmağa çalışacaqlarını deyib:

“Bu oyunda qalib gəlib, mərhələ adlamaq barədə düşünürük. İstənilən qələbə Azərbaycan futbolunun nüfuzunu qaldırır, reytinqə əlavə xallar gətirir ki, bunlar da bizim üçün əlavə motivasiyadır. “Qarabağ”ın bir gün əvvəl qazandığı qələbəyə çox sevinirik və onları təbrik edirik. “Panatinaikos” güclü komandadır. Rəqibin bir sıra sürətli futbolçuları var. Hesab edirəm ki, biz sürətdə rəqibdən heç də geri qalmırıq. Sadəcə, bizə oyunu idarə etmək, istədiyimiz oyunu göstərmək lazımdır. Bunu bacarsaq, müsbət nəticə qazanmaq şansımız artacaq. Sürət futbolda, idmanda çox böyük, həlledici əhəmiyyət kəsb edir. Sabahkı rəqiblə aramızda isə sürət baxımından böyük fərq yoxdur. Biz “Borussiya”, “Maynts”, “Anderlext”, “Sent-Etyen” kimi komandalarla oynayanda onlardan sürətdə geri qalırdıq. Belə vəziyyətdə şansımız çox aşağı idi. “Panatinaikos” sürəli olsa da, belə üstünlüyə malik deyil. Cavid Hüseynov əvvəllər özünü çılğın aparıb. Lakin onunla bu barədə söhbətdən sonra son matçda hər şey qaydasında idi.

Hazırda heyətdə zədəli futbolçu yoxdur və kimin oynayacağı sabah bilinəcək. Komandaları müqayisə etməzdim. Hər iki komandanın heyəti yenidir. Bizim üçün qələbə qazanmaq və mərhələ adlamaq vacibdir. Bunun 90, ya da lap 1200 dəqiqəyə olması əhəmiyyət kəsb etmir. Biz nəticə qazanmaq üçün hər şeyə hazırıq. Futbolda hər şey ola bilər. Buna görə də penaltilər seriyasına da hazırlaşmışıq. Bunu onun üçün etdik ki, futbolçuların zərbələri necə vurduğunu bilək. Artıq lazım olarsa, kimin vuracağını da bilirəm. Lakin çalışacağıq ki, qarşılaşma seriyaya qədər uzanmasın. İlk görüşdən sonrakı nəzəri məşğələlərdə 3 qol vurmaq barədə danışmışıq. Lakin hər şeyə hazır olmalıyıq. Amma meydana çıxıb 3 qol vurmalıyıq”.

Həmin kateqoriyadan