Roman Qriqorçuk yenə özünü sığortaladı: “Üçüncü ildir ki, qısa müddətdə heyəti toplayıb, yeniləyirik”

Avropa liqasının 2-ci təsnifatnın ilk oyunları çərçivəsində “Qəbələ” Bakıda “Yagelloniya” (Polşa) klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki,  matçdan öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edirik:

“İlk gündən bizimlə olan futbolçuların tam hazır olduğuna əminəm. İnanıram ki, onlar belə rəqiblə sabahkı oyuna da hazırdırlar. Bizə toplanışın gedişində sonradan qoşulanlar barədə bunu demək olmaz. Onlardan bəziləri sabah meydana çıxacaq. Oyunda iştirak edəcək yenilər matça tam hazır deyil. Amma bu addımı atmalıyıq. Üçüncü ildir ki, qısa müddətdə heyəti toplayıb, yeniləyirik. Ümumilikdə, bunu normal vəziyyət sayıram. Amma bu, o demək deyil ki, hər il heyətin bu qədər dəyişməsini istəyirik. Yeni oyunçular gələndə iş maraqlı olur. Qısa zamanda istənilən oyun üslubunu aşılamalı olursan. Lakin əsas odur ki, onlar hazırlıqlı olsunlar. Bu dəfə gələnlər istirahətdən sonra komandamıza qoşulub.

Çətinlik də ondadır ki, hazırlıqsız gəliblər. Sabah qalib gəlib, mərhələ keçməliyik. Bu oyunla cavab matçı, mərhələ adlasaq, növbəti qarşılaşma arasında ciddi fərq olacaq. Bunu futbolçulardakı potensiala əsasən deyirəm. Rəqib ötən mövsümdəki heyətin özəyini qoruyub. Bu da əlavə üstünlükdür. “Yagelloniya” güclü, yaxşı təşkilatlanmış, sabit komandadır. Ötən mövsümdə Polşa çempionatında qalib olmağa çox yaxın idilər. Bu da o deməkdir ki, rəqib öz oyun üslubu olan, güclü komandadır. Heyətimizə qatdığımız futbolçuları özümüz seçmişik.

Ötən iki mövsümdə də heyətdə dəyişikliklər etdik. Bununla belə, UEFA Avropa Liqasında qrupa düşdük. Bu dəfə isə mövsümə yeni başlamışıq. İstəyirik ki, daha yaxşı nəticə qazanaq. Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxışına yalnız sevinirəm. Digər komandaların nəticələri bizim psixoloji duruma təsir etmir. İndi öz oyunumuz barədə fikirləşirik və biz də qələbə qazanmaq istəyirik. Komandamızın müəyyən oyun üslubu var, yeni gələnləri də buna uyğunlaşdırmağa çalışırıq.

Transfer edəndə həm avrokubok, həm çempionat barədə düşünürük. Heyətdə kifayət qədər legionerimiz var. Amma belə olan yerdə rəqabət də yaranır və inkişaf da sürətli olur. İndi qrup barədə düşünmək lazım deyil. Yalnız sabahkı matçda qalib gəlməyi fikirləşirik. Sabah qələbə qazanaq, digər məsələlərə sonra baxarıq. Matça hazırlaşıb, meydana çıxıb, yalnız qələbə qazanmaq haqda düşünməliyik”.

Həmin kateqoriyadan