Roman Qriqorçuk: Qeyri-adi heç nə baş verməyib

Avropa liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) matçından (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Bəzən elə oyunlar olub ki, hesabı açıb, sonradan qol buraxmışıq. Amma əksi – hesabı açıb, qalib gəldiyimiz görüşlər də olub. Bu dəfə də hesabı açdığımız matçda məğlubiyyətə uğradıq. Bu gün iki qol buraxdıq, amma daha üçünü vura bilmədik. İstədiklərimizi gerçəkləşdirə bilməməyimizin səbəbi rəqibdir. Bu gün “Panatinaikos” çox yaxşı oynadı. Həm sürətli oyun, həm də fərdi keyfiyyətlərdə rəqibimiz güclü idi. Bunun da öhdəsindən gəlmək çətin idi. Belə olmasını istəməzdim.

Futbolda bütün cəbhələrdə yüksək hədəflər üçün mübarizə aparmağın tərəfdarıyam. Avrokuboklardan kənar qalmağımızın çempionatda mübarizəyə necə təsir edəcəyini demək olmaz. Düşünmürəm ki, bu, əlavə üstünlükdür. Mən kombinasiyalı, sürətli futbolun tərəfdarıyam. Bizə Viktor Mendi kimi hücumçu lazımdır. Onun vaxtında belə çatışmazlıq hiss edilmirdi. Ön xətdə elə oyunçu lazımdır ki, o qədər kombinasiyalı olmasa da, topu qəbul etmək, saxlamaq qabiliyyətli olsun. Rəqibin heyətində belə futbolçu Gilyerme Molins idi. Yoxsa ki, hücumçu topu itirən kimi yenidən müdafiə olunmağa başlamalısan. Amma topu saxlayıb, komanda yoldaşlarının da önə çıxmasını gözləyən hücumçu daha faydalıdır.

İndi isə 2 ildir belə futbolçumuz çatışmır. Heyətimizdə optimal sayda legioner var. Komanda tam komplektləşməlidir. Heyətimizdə artıq legionerin olduğunu düşünmürəm. Kimsə düşünə bilər ki, nəyi isə tam etməmişik. Lakin belə deyil. Qeyri-adi heç nə baş verməyib. Rəqibin güclü olduğunu nəzərə alsaq, güclü komandaya uduzmağımızla gözlənilən yaşandı. Yenidən komanda qururuq. Təəssüf ki, uduzduq. “Panatinaikos”la görüş bizim üçün çempionata əla hazırlıq oldu”.

Həmin kateqoriyadan