Roman Qriqorçuk: Qrupdan çıxmaq üçün bu görüşdə bizə qələbə qazanmaq lazımdır

Bu gün Avropa Liqanın qrup mərhələsinin 3-cü turunda “Sent-Etyen” (Fransa) – “Qəbələ” oyunu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, görüşdən öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında öz fikrini bildirib:

“Çox yaxşı başa düşürük ki, strateji cəhətdən qrupdan çıxmaq üçün bizə qələbə qazanmaq lazımdır. Təkcə qarşılaşma deyil, keçirəcəyimiz növbəti matçların hamısında bunu etməliyik. Lakin bu haqda çox düşünmək istəmirik. Mən futbol oynamağımızı istəyirəm. Mənim yanaşmam nəticə gətirir. İstənilən yolla, ciddi şəkildə üslubumuzu, baxışımızı dəyişməklə nəyə isə nail olmağa əl atmayacağıq.

Bu matça itkilərlə çıxacağıq. Amma məsələyə maraqla yanaşmaq lazımdır. Az şans qazanan futbolçuların belə güclü rəqiblə görüşdə neçə təsir bağışlayacağı maraqlıdır. Komandamızın yarısı olmadan oynayacağımıza çox fikir vermək istəmirik. Buna problem kimi deyil, təbəssümlə yanaşıram.

“Sent-Etyen” haqda müsbət fikirdəyəm. Bu komanda çox yaxşı heyətə malikdir. Komplektləşmiş rəqibimiz üçün bir neçə oyunçunun yoxluğunu hiss etdirməmək çətin olmayacaq. “Sent-Etyen”in tərkibində çox sürətli futbolçular var ki, onları zərərsizləşdirmək heç də asan deyil. Rəqibin bəzi oyunçularının iştirak etməyəcəyi haqda məlumatım var. Heç kimə, rəqibimizə də arzulamıram ki, zədə üzündən futbolçusunu itirsin”.

Həmin kateqoriyadan