“Rossiya 24” kanalında Azərbaycan futbolunun inkişafına dair reportaj

“Rossiya 24” kanalında Azərbaycan futbolunun inkişafına dair reportaj yayımlanıb. Allsport.az saytı xəbər verir ki, reportajda Azərbaycan çempionatının sonuncu qalibi olan “Qarabağ” komandasından və ölkəmizdə futbolun inkişafından ətraflı söhbət açılıb. “Azərbaycan futbolu baş ucaldır” adlı üç dəqiqəlik süjetdə əvvəlcə “Qarabağ” klubunun uğurlarından danışılıb.

Müəllif Ağdam təmsilçisinə Bakıda 0:1 hesabı ilə məğlubiyyətdən sonra Belçikanın “Anderlext” klubu rəhbərliyinin narazı azarkeşlərə təzminat ödədiyini xüsusi xatırladıb. Premyer Liqanın 10-cu turunda “Qarabağ”-“Rəvan” qarşılaşmasında Vüqar Mustafayevin vurduğu gözəl qolun nümayiş etdirildiyi reportajda komandanın həm yerli, həm də qitə turnirlərində uğurlarının təsadüfi olmadığı vurğulanıb.

Süjetdə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun və müdafiəçi Maksim Medvedevin də müsahibələrinə yer verilib. Həmçinin ekspertlər tərəfindən Azərbaycan futbolunun parlaq gələcəyinə əminliyin vurğulandığı da diqqətə çatdırılıb. Bilavasitə ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində “Futbolun inkişafına dair Dövlət Proqramı”nın hazırlandığı xüsusi qeyd edilib.

Reportajda “Qarabağ” ilə yanaşı, “Qəbələ” komandasının da bu mövsüm UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı xatırlanıb. Habelə İngiltərənin “Mançester Yunayted” klubunun AFFA ilə müqavilə əsasında Bakıda futbol məktəbi açdığı barədə məlumat verilib.

Sonda Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən biri olduğu, bu mötəbər turnirin yüksək səviyyədə təşkili üçün lazımi infrastrukturun yaradıldığı diqqətə çatdırılıb.

Həmin kateqoriyadan