Rövnəq Abdullayev: “Heç bir komanda bizə bank zəmanətini təqdim etməyi bacarmadı”

AFFA prezidenti bu gün keçirilmiş icraiyyə komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Allsport.az saytı xəbər verir ki, o, ilk öncə ölkə çempionatı ilə bağlı bunları söyləyib: “Birinci divizion klublarından heç kim lisenziya ala bilmədi. Heç bir klub bizə bank zəmanətini təqdim etməyi bacarmadı”.

Rövnəq Abdullayev, “Rəvan”la “Xəzər Lənkəran”ın elitada saxlanılmasına dair suala belə cavab verib: “Onların çoxlu borcu var. Buna görə də Premyer Liqada qalmaları mümkünsüzdür. Onları çempionata buraxsaq, AFFA-nın özü diskvalifikasiya ilə üzləşə bilər. Məhz belə problemlərdən qaçmaq üçün Premyer Liqanı 8 klubla keçirməyə qərar verdik”.

AFFA rəhbərinin sözünə görə, onların 2017/18 mövsümü ilə bağlı xüsusi planları var: “Birinci divizionun 4 klubunu Premyer Liqaya hazırlamalıyıq. “Zaqatala” və İmişli “Araz”ı ilə bağlı ciddi planlar var. Yeni mövsümdən birinci divizionda “Səbayel” klubu debüt edəcək. AFFA rəsmiləri də birinci divizionun 4 klubunu xüsisi izləyəcəklər”.

O, legionerlərə görə ödənilən üzvlük haqqının da azaldıldığını bildirib: “Bundan sonra legionerlərə görə üzvlük haqqı 5000 manat olacaq. Milliləşirilmiş legionerlərə görə üzvlük haqqı tələb olunmur. Eyni zamanda cərimələri də 20 faiz azaltdıq”.

 

Həmin kateqoriyadan