Şəhriyar Əliyev: “Deməzdim ki, “Qarabağ”a qarşı sərt, kobud oynayacağam”

Topaz Premyer Liqasının 5-ci turunda “Kəpəz” Gəncədə “Qarabağ”ı qəbul edəcək. Allsport.az xəbər verir ki, qarşıdakı oyuna hazırlığı davam etdirən “sarı-göylər”in futbolçusu Şəhriyar Əliyev klubun mətbuat xidmətinə açıqlama verib.

Əliyev Ağdam klubu ilə oyun haqda danışıb: “Çətin oyun olacaq. Rəqibimiz Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb və artıq ilk matçını keçirib. “Tottenhem”dən sonra isə bizimlə oyuna çıxacaqlar. Düzdür, yorğun olacaqlar. Amma heyətləri genişdir, bəlkə də, Londonda oynayanlara istirahət veriləcək. Ötən tur qələbə qazanmışıq, inşallah, uğurlu çıxışımızı davam etdirmək istəyirik. Bunun üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Şəhriyar Əliyev mövsümün əvvəlində Ağdam təmsilçisindən “Kəpəz”ə keçib. Müdafiəçi icarə əsasında Gəncə klubunda top qovur: “Çox adam mənə deyir ki, yəqin bu oyunda özünü “Qarabağ”a göstərməyə çalışacaqsan. Hətta aqressiv oynamağa meyl edəcəyimi düşünənlər də var. Rəqibin kimliyinin fərqi yoxdur, biz hər oyuna çıxanda meydanda canımızı qoymağa çalışırıq. Deməzdim ki, sərt, kobud oynayacağam. Sadəcə, fikrim layiqincə mübarizə aparmaqdır. Müqavilə ilə Ağdam klubuna məxsus olsam da, icarə əsasında “Kəpəz”dəyəm. Maaşı da bu komandadan alıram, ona görə əvəzini verməliyəm. İlk növbədə Gəncə təmsilçisinin heyətində özümü məşqçilərə, azarkeşlərimizə göstərməliyəm. Baş məşqçimiz Şahin Diniyevin etimadını qazanmalıyam. “Qarabağ” böyük klubdur, kim orada oynamaq istəməz? Amma indiki halda özümü “Qarabağ”a göstərmək ikinci məsələdir, məqsədim “Kəpəz”ə qələbə qazandırmaqdır”.

Həmin kateqoriyadan