Şəhriyar Rəhimov: “AzAL-ın nəticələri rəqibi ciddiyə almağın vacibliyindən xəbər verir”

Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Kəpəz” Bakıda AzAL-la üz-üzə gələcək. Allsport.az xəbər verir ki, noyabrın 7-də keçiriləcək oyun öncəsi “sarı-göylər”in futbolçusu Şəhriyar Rəhimov klub saytına açıqlama verib.

Müdafiəçi AzAL-la oyunun hazırlığından danışıb: “Bütün oyunlara necə hazırlaşırıqsa, AzAL-a qarşı görüşə də o cür məşq edirik. Komandada əhval-ruhiyyə yaxşıdır. Ciddi hazırlıq gedir, məşqçilər tərəfindən verilən bütün göstərişləri yerinə yetirməyə çalışırıq. Hamı başa düşür ki, AzAL-la oyun çox çətin olacaq”.

Rəhimov “Kəpəz”in mövsümlərarası fasilədə heyətinə cəlb etdiyi futbolçulardandır. O, Gəncə klubuna AzAL-dan keçib: “Qarşıdakı rəqibimiz son vaxtlar yaxşı nəticələr qazanır. Səfərdə Qəbələ klubu ilə heç-heçə oynayıb, evdə “Neftçi”ni udub. Bu nəticələr rəqibimizi ciddiyə almağın vacibliyindən xəbər verir. Bizdə “Qəbələ” ilə ağır səfər oyunundan sonra uğurlu seriyamızı davam etdirmək istəyirik. Çalışacağıq ki, var gücümüzü meydanda qoyub qələbə qazanaq”.

Həmin kateqoriyadan