Sabahdan klublarımız məşqə başlayır. İyunun 21-də ölkə çempionatı bərpa olunur

Bu gün AFFA-nın təşəbbüsü ilə klublar komitəsinin videokonfrans formatında 2-ci iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, AFFA icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, premyer liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iclasda iştirak edib. Elxan Məmmədov iclası açaraq ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar futbol ictimaiyyəti adından Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. 2020-ci il iyunun 1-dən etibarən premyer liqa klublarının məşqlərinin, habelə 2020-ci il iyunun 21-də premyer liqa və Azərbaycan kuboku oyunlarının bərpası

2. Premyer liqa klublarının futbolçu və məşqçi heyətinin həftəlik olaraq “COVID-19” testinə cəlb olunması

3. Premyer liqa və kubok oyunlarının bərpası ilə bağlı oyun təqviminin müzakirəsi

4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin “COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə atılacaq növbəti addımlar5. “COVID-19” pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunmasının müzakirəsi

6. Digər məsələlər

İcraçı vitse-prezident Elxan Məmmədov gündəlikdəki məsələlər barədə danışaraq qeyd edib ki, müzakirəyə çıxarılan mövzular əvvəlcədən klublara göndərilib. Sonra PFL-in prezidenti Ramin Musayev fikirlərini bildirib. Premyer liqa klublarının rəsmiləri gündəlikdəki bütün məsələlər barədə çıxış etdikdən sonra AFFA-nın baş həkimi Vyaçeslav Xomenko mövcud vəziyyətdə sanitar-gigiyenik qaydalara riayət olunmasının və COVİD-19 testinin vacibliyi barədə danışıb. Ətraflı müzakirələrdən sonra aşağıda qeyd olunanlarla bağlı razılıq əldə olunub: 

1. 2020-ci il iyunun 1-dən etibarən premyer liqa klublarının məşqləri, 2020-ci il iyunun 21-də premyer liqa və Azərbaycan kuboku oyunları bərpa olunsun;

2. Premyer liqa oyunlarının bərpasından əvvəl klubların futbolçu və məşqçi heyəti mütləq şəkildə “COVID-19” testinə cəlb olunsun. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada qəbul edə bilər;

3. Premyer liqa və kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək;

4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin “COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək;

5. “COVID-19” pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq. 

Qeyd olunanlarla yanaşı, iclasda məşqlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, nazirlər kabineti yanında pperativ qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb. Klublar komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün icraiyyə komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.

Həmin kateqoriyadan