“Sabah”ın müşahidə şurası yaradıldı – Üzvlər arasında olimpiya çempionu da var

AFFA-nın qərarına əsasən ölkə çempionatında çıxış edən klublarda müşahidə şurası yaradılmalıdır. Allsport.az saytı xəbər verir ki, cari mövsümdə premyer liqada debüt edəcək “Sabah” klubunda da həmin tövsiyəyə əməl edib. Müşahidə şurasının üzvləri klubun fəaliyyətində və ilbəil daha da inkişaf etməsi üçün görüləcək işlərdə yaxından iştirak edəcəklər. “Sabah”ın əsas prinsiplərindən biri möhkəm bünövrə üzərində sağlam klub yaratmaqdır ki, müşahidə şurasının üzvləri də bu sahədə öz köməklərini göstərəcək, məsləhətlərini verəcəklər. Onlar müxtəlif qurum və şirkətlərlə işgüzar əlaqələrin qurulması, kluba yeni investorlar və sponsorların cəlb olunması istiqamətində əhəmiyyətli rol oynayacaqlar. Şura üzvləri eyni zamanda klubun inkişaf strategiyası üçün önəmli olan ideya və təkliflərini verəcəklər.

Müşahidə Şurasının tərkibi aşağıdakı kimidir:

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

2003-cü ildə AFFA-nın elmi metodiki komissiyanın sədri, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasında İşçi Qrupun rəhbəri olub. 2014-cü ildən təhsil nazirinin müavinidir. 2015-ci ilin mart ayından AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Həmin ilin may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib. Qeyd edək ki, Firudin müəllimin klubumuzun Müşahidə Şurasına üzv qəbul olunması AFFA tərəfindən tövsiyə olunub. Firudin Qurbanov “Sabah”ın müşahidə şurasının sədridir.

İqor Ponomaryov – Azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989).

Ponomaryov Azərbaycan futbolunun tanınmış simalarındandır. Karyerasının böyük hissəsini “Neftçi”də keçirib. Sabiq yarımmüdafiəçi SSRİ-nin gənclər yığmasında da çıxış edib. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan SSRİ yığmasının heyətində olub. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.

Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olub. İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb. Ponomaryov Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.

Rəhman Hacıyev – “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəri

2002-2008-ci illər aralığında MBASK sığorta şirkətində maliyyə sahəsində çalışıb. 2008-ci ildən “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəridir. O, ən böyük həvəskar futbol liqası olan MFL-in həmtəsisçisi və direktorudur.

Rauf Xəlilov – Sahibkar

2007-ci ildən “İSR Holdinq”də vitse-prezident vəzifəsində çalışır. Şirkətin fəaliyyət sahəsinə nəqliyyat, neft və neft məhsullarının satışı, otel işi, avtomobil biznesi daxildir. Azərbaycanda ən böyük satış şirkətlərindən olan “Zara” və “Massimo Dutti”nin səhmdarlarındandır. “İSR Auto” isə Azərbaycanda “Toyota” və “Lexus”, həmçinin, “Georgia Lexus” şirkətlərinin rəsmi dileridir. Dağ Xizək İdman Federasiyasının prezidentidir.

Yaqub Hüseynov – Sahibkar

“Sabah” Futbol Klubunun təsisçisi və “Bridge Group of Companies”in Müşahidə Şurasının sədridir. 1998-ci ildə “Global İnteriors Group” şirkətini, 2008-ci ildə isə “Bridge Group of Companies” şirkətlər qrupunu və “Bridge Plaza” biznes mərkəzini təsis edib.

Həmin kateqoriyadan