Şahin Diniyev: “Kəpəz”in qol vura bilməməsi məni narahat edir”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Rəvan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Biz mövsüm ərzində ən zəif oyunlarımızdan birini keçirdik. Çalışacağıq ki, son iki matçı motivasiya hesabına reallaşdıraq. Qarşımızda inamlı müdafiəyə malik “Rəvan” vardı. İnamlı müdafiəni yarmaq üçün isə sürətli hücumlar lazımdır. Lakin komandada sürət çatışmırdı. Liderlər qrupuna yaxınlaşmaq üçün mütləq qələbə qazanmalı idik.

Amma bunu faciə etmək istəmirik, irəli baxmaq lazımdır. Sadəcə, komandanın qol vura bilməməsi məni narahat edir. Bu məqam bir futbolçu ilə bağlı deyil, başqa bir problemlər var ki, bunu mən yaxşı bilirəm. Komanda artıq “oturub”. Buna səbəb 17 oyunu eyni heyətlə keçirməyimizdir. Komandada yorğunluq və durğunluq hiss olunur. Dəyişiklik etmək imkanlarım olmasa da, çalışacağıq ki, qış fasiləsinə qədər olan son iki oyunu yaxşı nəticələrlə başa vuraq”.

Həmin kateqoriyadan