“Sarar” “Qəbələ”nin geyim sponsoru oldu

Bu gün “Qəbələ” İdman Klubu və Türkiyənin “Sarar” şirkəti arasında geyim sponsorluğu müqaviləsi imzalanıb. Allsport.az xəbər verir ki, “Qafqaz Point Hotel”də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə baş tutan mərasimdə “Sarar” şirkətinin Azərbaycan nümayəndəsi Məsut Dəmirtaş, “Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov, Futbol direktoru Toni Adams və Kommersiya direktoru Mustafa Aztopal yer alıblar.

Müqaviləyə əsasən “Qəbələ”nin əsas komandasının futbolçu və adminstrativ heyəti 2 mövsüm – 2015-2016 və 2016-2017 futbol mövsümlərində daxili və xarici səfərlər zamanı “Sarar” firmasının istehsalı olan geyim dəstlərini geyinəcəklər. Geyimlər hər mövsüm yaz-yay və qış-payız olmaqla iki dəst hazırlanacaq.

Konfransı açıq elan edən Səməd Nəsibov öncə yeniliklərlə bağlı danışıb: “Bu gün “Qəbələ” İdman Klubunun tarixində iki önəmli hadisə baş verir. Beynəlxalq brend olan “Sarar” firması ilə 2 illik sponsor müqaviləsi imzalayırıq. Bu şirkət 5 qitədə, 51 ölkədə fəaliyyət göstərir. Bu da böyük keyfiyyət tələb edir. Futbolun inkişafında təkcə komandanın yox, biznes şirkətlərinin və mətbuatın da böyük rolu var”.

Daha sonra çıxış edən “Sarar” şirkətinin əməkdaşı Məsut Dəmirtaş bu sponsorluqdan məmnun olduqlarını bildirib: “Biz 1996-ci ildən bəri Türkiyə millisinin əsas sponsoruyuq. “Beşiktaş” və “Qalatasaray”la da əməkdaşlığımız olub. O ki qaldı “Qəbələ”yə, sözügedən sponsorluğun baş tutmasında komnadanın son dövrlərdə qazandığı uğurlar əsas rol oynadı. “Qəbələ”nin Avropa Liqasının qrupundan növbəti mərhələyə adlayacağına inamımız sonsuzdur”.

Xartırladaq ki, 1944-cü ildə fəaliyyətə başlayan “Sarar” şirkəti keyfiyyətli, dəbə və müxtəlif zövqlərə uyğun məhsulları ilə hazırda 5 qitədə və 51 ölkədə müştərilərinə xidmət göstərən qlobal brenddir. Təcrübəli və istedadlı dizaynerlərin işləri ilə kişi və qadın moda dünyasının istiqamətini müəyyənləşdirən və dəbə yön verən “Sarar” artıq bir çoxlarının əvəzolunmaz geyim markasına çevrilib.

İdmana xüsusi diqqət ayıran “Sarar” hal hazırda Tükiyənin futbol və basketbol milli komandalarının (1996-cı ildən), “Beşiktaş” və “Trabzonspor”un sponsorudur. Bundan başqa 1997-2013 cü illər arasında “Qalatasaray” və “Bursaspor” komandaları “Sarar”la əməkdaşlıq edib.

Həmin kateqoriyadan