Sevgimiz elə bu qədərmiş – Elxan Məmmədovdan media komitəsinə ismarıc

AFFA-nın baş katibi Elxan Məmmədov son vaxtlar gündəm olan bir çox məsələlərə aydınlıq gətirməyə çalışıb. Allsport.az saytı xəbər verir ki, müsahibədə, katib çox narahat və bu agentliyə üz tutmasında da məqsəd tənqidlərə cavab verməsı hiss olunur. Özünümüdafiə xarekterli açıqlamalardakı dolaşıqlıqlar, özünü labirintə salmaq faktları da var. Çünki Məmmədov həqiqətləri demir, yalan danışanda isə təzadlar ortaya çıxır. Özəlliklə, futbolinfo.az-da gedən yazılara cavab vermək cəhdi hiss olunan açıqlamalarda Elxan bəy qarşılıqlı ittihamlardan da çəkinmir. Belə qəzəb isə adətən zərbə hədəfə dəyəndə yaranan haldır.
Katib AFFA yanında media komitəsinin gələcək taleyindən danışarkən qələm əhlini üz-üzə qoymağa, araya nifaq toxumu səpməyə çalışıb. Onun məsuliyyəti birbaşa komitənin üzərinə atmaq cəhdi isə saf niyyətlə yaratmadıqları qurumun gözlənilən iflasını sığortalamaq üçündür. Məmmədov report.az-a bildirib ki, AFFA icraiyyə komitəsinə (İK) təqdim olunması üçün media komitəsinin fəaliyyətinə dair illik hesabat hazırlanır: “İcraiyyə komitəsi təsdiqləsə, media komitəsi fəaliyyətini davam etdirəcək. Təsdiqləməsə, davam etdirməyəcək. İK “formatı dəyişdirilsin” desə, dəyişdiriləcək. Nə qərar veriləcəksə, katiblik də ona uyğun icra edəcək. Unutmayaq ki, maliyyə ili dekabrdan-dekabradəkdir”.
Katib media komitəsinin illik büdcəni aşdığına dair söz-söhbətlərə də (bu məsələni “Futbolinfo” qabartmışdı) reaksiya verib: “Media komitəsinin öz büdcəsi var. Büdcə çərçivəsində görülən və büdcədənkənar işlər olur. Büdcədən kənara çıxmaların olub-olmadığını bilmək üçün isə baxmaq lazımdır: Büdcəni keçiblərsə, daha layihələr olmayacaq. Əks halda, yeni layihələr olacaq. Büdcəni aşıb-aşmadıqlarını indidən deyə bilmərəm. Bundan ötrü AFFA-nın baş mühasibi Xalid Cavadovdan arayış almalıyam. Hələlik almamışam. Alsam, ilk növbədə, mətbuata deyil, əvvəlcə media komitəsinə, sonra isə İK-ya bildirəcəyik. Yanvar – mart ayları üçün yeni layihənin olub-olmayacağını isə media komitəsinin sədri Mahir Rüstəmli açıqlaya bilər”.
Elxan bəyin məsuliyyəti Rüstəmlinin boynuna atmaq cəhdi aşkardır. Bəli, müəyyən səhvlər ola bilər, lakin Mahir bəy hansısa məmurun sözüylə xərclənəcək adam deyil. Katibin az qala yaşı qədər şərəfli jurnalist karyerası olan Rüstəmli bacarıqsızlığı deyil, AFFA-nın süni əngəlləri üzündən komitənin fəaliyyətini tənzimləyə bilməyib. Məhz Məmmədovun məkri üzündən komitədən kənarda qalan onlarla jurnalist, mətbuat orqanı var, bəziləri də zaman-zaman idarə heyətindən istefa verib. AFFA-nın yaratdığı mühit üzündən bu qurumdan qaçan aparıcı yazarların yoxluğunda Mahir bəy zəif komandayla meydanda qalıb və MK-nın ümidi doğrultmaması da sədrin bacarığıyla deyil, məhz bu amillə bağlıdı.
Büdcənin aşılması məsələsəinə gəlincə, AFFA-nın komitədə əlaqələndiricisi var, o, bu işlərə nəzarət etməli, rəhbərliyi vaxtında məlumatlandırmalıydı. Ötən il də büdcə aşılmışdı və AFFA buna göz yummuşdu. Bu səbəbdən eyni halın təkrarlanması gözlənilən idi. AFFA-yla MK arasındakı əlaqələndirici il ərzində layihələrə nəzarət etməli və büdcənin aşılmasına imkan verməməliydi. Verilibsə, deməli, Rüstəmlini zərbə altında qoymağı planlayıblar və indi məhz buna görə 2018-ci ilin ilk 3 ayında maliyyə ayrılmayacağını bəyan etməklə sədrin nüfuzu ilə oynamaq istəyirlər.
AFFA-nın baş mühasibi Xalid Cavadovun adını ictimailəşdirməsi maraqlı məqamdır. Hamı maliyyə işləri üzrə menecer Xanım Hüseynovadan danışarkən, baş katib SOCAR-ın nümayəndəsini meydana atıb. Öz kadrı olsaydı, belə etməz, onu qoruyardı, bu məqamda isə Cavadovun adını təsadüfən çəkməyib, hətta hələ arayış almadığını, büdcənin aşılıb-aşılmadığını builmədiyini deyib. Maraqlıdır, bəlkə Məmmədov bununla hələ də 2017-ci ilin büdcə hesabatının verilmədiyinə eyham vurmaq istəyir?

Həmin kateqoriyadan