Son 1 ay: F-1 Azərbaycan mükafat yarışına gerisayım başladı

Avtoidmanın zirvəsi sayılan Formula-1 Azərbaycan qran-prisinin Bakı küçələrinə qayıtmasına düz bir ay qaldı. Allsport.az saytı xəbər verir ki, 10-12 iyunda ən həyəcanlı və gözlənilməz yarışda azarkeşləri qəbul edəcək Bakı şəhər halqası sonuncu hazırlıqlarını tamamlayır.

2019-cu ildən bəri tribunalara yenidən qayıdan azarkeşlər builki yarışa xüsusi rəng qatacaq. Həyəcanlı mübarizə ilə yanaşı, azarkeşlər həftəsonu Bakının dənizkənarı milli parkı boyunca uzanan əyləncə zonalarını da kəşf edəcəklər. Nəhayət ki, azarkeşlərin gözlədiyi avtoqraf sessiyaları və Pit zolağı gəzintisi onlara F1 super ulduzları və komandalarını yaxından görmək imkanı yaradacaq.

2016-cı il debütündən bəri dünya F1 azarkeşlərinin sevimlisinə çevrilən Bakı Şəhər Halqası F1 tarixində ən yadda qalan və dramatik yarışlara ev sahibliyi etməklə dünyanın aparıcı F1 pilotlarını sınaq qarşısında qoyur. Yarış bolidlərinin 366 km/saat sürətlə rekord həddə çatdığı, 2 km uzunluğunda düz yolu və UNESCO-nun mədəni irs nümunəsi İçəri Şəhər Qala divarları qarşısından keçərək dar yolları aşan, dolama döngələri ilə tanınan Bakı Şəhər Halqası qısa müddət ərzində bugünkü F1 təqvimində ən çətin treklərdən biri kimi öz yerini təsdiqlədi.

Bakı trekində heç bir pilot iki dəfə qalib gəlməmiş, son beş yarışda beş fərqli qalib müəyyən olunmuşdur. Bu il də, ötən illərdə yaşanmış gözlənilməz anlar, rəqabət doğuran və saysız-hesabsız həyəcanlı hadisələr Bakı yarışında istisna olunmur. Təsadüfi deyil ki, 2021-ci ildə finiş xəttinə
3 dövrə qalmış Maks Ferstappenin qəzaya uğraması, Lüis Həmiltonun restartda ona baha başa gələn səhvi “Red Bull” komandasının pilotu Serxio Peresin qələbəsinə təkan vermiş oldu.

Həmin kateqoriyadan