- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Azərbaycan dünya gimnastikasının lideri olmağa çalışır”. Allsport.az saytı xəbər verir ki, bunu “Vestnik Kavkaza”nın müxbiri ilə söhbəti zamanı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, 22-24 iyul tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə FIG dünya kubokunun final mərhələsinə hazırlıqlardan danışarkən deyib.
– Xahiş edirik, bizə bədii gimnastika üzrə FIG Dünya Kubokunun təşkil olunması ilə bağlı Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlər haqqında məlumat verəsiniz.
– Bu il Azərbaycan üç dünya kubokunu qəbul edir. Onlardan ikisi – batut və idman gimnastikası üzrə Dünya Kubokları artıq baş tutub. Bədii gimnastika üzrə Dünya Kuboku Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2016-cı ildə keçirilmiş 10 dünya kubokundan sonuncusudur. Bu 10 mərhələnin nəticələrinə əsasən, Dünya Kubokunun qalibi müəyyənləşəcək. Bakıda FIG kuboku qalibə təqdim olunacaqdır. Bundan əlavə, adətə uyğun olaraq, ən çox icra xalı toplamış idmançı, Azərbaycan Gimnastika Federasiyasının (AGF Trophy) kuboku ilə təltif ediləcək.
Kubokun təşkilinə gəldikdə isə, bizdə fasiləsiz olaraq çalışan Təşkilat Komitəsi yaradılıb. Bizim hələ ki, heç bir çətinliyimiz yoxdur. Dövlət bizim üçün 2014-cü ildə istifadəyə verilən xüsusi idman kompleksi inşa edib ki, bu da işimizi xeyli yüngülləşdirir. Bu zalda Avropa çempionatı, o cümlədən ötən il İlk Avropa Oyunları keçirilib. Hər şey plan üzrə gedir.
– Demək olarmı ki, federasiyanın və idmançıların fəaliyyəti sayəsində Azərbaycan, gimnastikada dünya liderləri sırasındadır?
– Əlbəttə, biz çalışırıq ki, bu belə də olsun. Hesab edirəm ki, bizdə olan şərait heç kəsdə yoxdur. Bizim kompleks bütün altı gimnastika növü üzrə idmançıların məşq edə biləcəyi, istənilən yarışın – millidən tutmuş iri miqyaslı beynəlxalq turnirlərin keçirilə biləcəyi məhz gimnastika üzrə ixtisaslaşmış bir idman qurğusudur. Artıq belə bir kompleksin mövcudluğu bizim gimnastikada liderlərdən birinə çevrildiyimizdən xəbər verir. Təbii ki, burada uzun illik ənənədən söhbət gedə bilməz. Elə ölkələr var ki, onların ənənələri əsrlərə dayanır, lakin biz bu məktəbi burada yaradırıq.
Son bir neçə il ərzində bizdə bir sıra yeni gimnastika növləri inkişaf etdirilməyə başlanılıb: qadın idman gimnastikası, batut və aerobika gimnastikası. Biz beynəlxalq yarışlar keçiririk, bu növlərin inkişaf etməsi üçün onları təbliğ edirik. Bu yarışlardan savayı, digər işlər də görülür. FIG-nin xüsusi qiymətləndirmə sistemi mövcuddur: ilin nəticələrinə əsasən, onlar daha fəal olan ən yaxşı beş federasiyanı təyin edirlər. Mükafatlandırılan federasiyaların müəyyən olunmasında müxtəlif yarışların, hakimlik və məşqçilik kurslarının Federasiyalar tərəfindən keçirilməsi nəzərə alınır. Deyə bilərəm ki, son iki il ardıcıl olaraq, biz bu beşliyə daxil oluruq.
– Hazırda, AGF daha hansı beynəlxalq turnirlərin keçirilməsini planlaşdırır?
– Bu, cari ildə keçirəcəyimiz sonuncu iri miqyaslı beynəlxalq yarışdır. Bu yarışdan iki həftə sonra Olimpiya Oyunları başlayır. Olimpiya Oyunlarından sonra isə, yeni fəsil, yeni Olimpiya dövrü başlayır və ona hazırlaşmaq lazımdır. Bundan sonra isə biz bu il bir neçə milli yarış, o cümlədən Azərbaycan Çempionatı təşkil edəcəyik. Qeyd etmək lazımdır ki, qonşu ölkələrin federasiyaları bizim yerli yarışlara öz idmançılarını göndərirlər. Bundan əlavə, bir çox xarici ölkə gimnastları daimi olaraq, bizdə keçirilən təlim-məşq toplanışlarında iştirak edirlər.
Növbəti dövrdə müxtəlif hakimlik kurslarının keçirilməsini planlaşdırırıq. Biz indi artıq təşkilatçılıqla bağlı işlərə başlamışıq, lakin hər şey Beynəlxalq Federasiyadan, onların namizəd ölkələr üzrə verəcəyi qərardan asılıdır. Biz, həmçinin Dünya Kuboklarının keçirilməsini, lakin hələlik yalnız Olimpiya növləri üzrə təşkilini planlaşdırırıq.
Akrobatika və bizim üçün yeni gimnastika növü olan aerobikaya gəldikdə isə, bu növlər üzrə Dünya Kuboku keçirmək üçün biz müəyyən nəticələr əldə etməliyik. Bunun üçün doğma divarlar arasında tamaşaçılar qarşısında ölkəni layiqincə təmsil edə biləcək idmançıların yetişməsi vacibdir. Odur ki, növbəti il üçün hələ ki, akrobatika və aerobika gimnastikası üzrə belə bir planımız yoxdur. Sonralar, təbii ki, biz bu növlər üzrə də yarışlar keçirəcəyik.