Süleymanov: “Futbolçuların intizamsız hərəkəti məni narahat etdi”

19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Türkiyə ilə oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Nazim Süleymanov fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları görüşdən sonra bunları söyləyib:

“Çox məyusam. Fasilədə uşaqlara diqqətli olmağı tapşırdıq. Futbolun dili ötürmədir. Kənardan da futbolçulara ötürmə verməyi tapşırırdıq. Sanki bizim futbolçular topu qəbul etdikdən sonra mütləq rəqibini aldatmalıdır. Niyə, anlamaq olmur.

Futbolda udmaq da var, uduzmaq da. Biz bu gün Avropa çempionatının seçmə oyununda Azərbaycanı təmsil edirik. Futbolçuların intizamsız hərəkəti məni narahat etdi. Oyundan dərhal sonra söhbətimiz oldu, amma bununla bağlı müəyyən qərarlar vermək lazımdır. Futbolu 90 dəqiqə oynayırlar. Hətta son saniyələrdə qol vurub, məğlubiyyətdən qaçmaq, hətta qələbə qazanmaq olur. Bu gün bunu edə bilmədik və demək olar ki, mərhələ adlamaq şansımızın üzərindən xətt çəkdik”.

Həmin kateqoriyadan