Sülhsevər cütlərin turu

Allsport.az xəbər verir ki, Azərbaycan premyer liqasının 31-ci turu heç-heçələrlə zəngin olub. 5 oyundan 3-ü bərabərliklə yekunlaşıb. “Şamaxı” – “Kəpəz” və “Səbail” – “Neftçi” qarşılaşmaları 1:1, “Qarabağ” – “Zirə” matçı 2:2 hesabı ilə nəticələnib. Digər iki görüşdə qonaqlar qələbə qazanıb. “Sabah” “Turan Tovuz”u 2:0, “Qəbələ” “Sumqayıt”ı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Turdakı heç-heçə sayında mövsümün rekordu təkrarlanıb. Eyni cütlərin qarşılaşdığı 15-ci turda da 3 sülh yaşanıb. Ötən il noyabrın 27-29-da keçirilən matçlarda “Qarabağ”la “Zirə” qolsuz bərabərə qalıb, Şamaxı və Sumqayıtda 1:1 hesabı qeydə alınıb. “Neftçi” “Səbail”i evdə 3:1, “Sabah” səfərdə “Turan Tovuz”u 1:0 hesabı ilə üstələyib.

Maraqlıdır ki, heç-heçə turundakı iki nəticə Azərbaycan çempionatları tarixində yubiley sayda qeydə alınıb. “Şamaxı” – “Kəpəz” görüşü 1:1 hesabı ilə nəticələnən 500-cü matç olub. “Qarabağ” – “Zirə” qarşılaşması isə 2:2 hesablı 150-ci bərabərlikdir.

Həmin kateqoriyadan