- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu yaxınlarda Qəbələyə səfərim zamanı diqqətimi bir məqam da çəkdi. Söhbət “Qəbələ” klubunun stadionlarına yüksək səviyyədə qulluğundan gedir. Bu, daha öncədən də məlum idi. Məlum idi ki, rəhbərlik futbol üçün böyük işlər görür, böyük pullar yatırır, ölkə xaricindən sırf bunun üçün mütəxəssis dəvət edir. Amma öz gözünlə görmək bir başqadır. Qəbələ stadionundan keçən yay da geniş reportaj hazırlamışdım. Budəfəki səfərim isə qış aylarına təsadüf etdiyindən, arenanın bir də qış qayğıları ilə maraqlandım. Bakıda bu sahədə ciddi problemlər var. Çoxları bilir ki, AFFA-nın xətti ilə salınan meydançaların çoxunda sonradan problem aşkarlanır, qazonlar ya saralır, ya da yanaraq sıradan çıxır.
Qəbələdə isə qış olmasına baxmayaraq bütün meydançalar yüksək səviyyədə idi. Demək ki, burda iş daha peşəkar qurulub. Kənardan fərqli görünə bilər. Amma əslində bütün bu qulluq böyük əziyyət hesabına başa gəlir. Qəbələ stadionunun direktoru Mübariz Əhmədov bizimlə söhbətində bildirdi ki, bütün meydançalar 24 saat nəzarətdədir: “Təbii ki, bu boyda stadionu, meydançaları saxlamaq, ona baxmaq böyük diqqət tələb edir. Amma bizdə iş elə qurulub ki, qış aylarında bütün meydançalar 24 saat nəzarətdədir. Xüsusilə də təbii örtüklü meydançalar. Bunun üçün həm gündüz, həm də gecə növbəsi var. Hər 4 saatdan bir meydançaların vəziyyəti yoxlanılır, temperatur ölçülür, yeraltı bəzi motorlar dəyişdirilir, lazımı preparatlar vaxtında verilir”.
Söhbət zamanı məlum oldu ki, stadionda tək ota qulluq üçün 8 işçi fəaliyyət göstərir. Bundan başqa, stadionda mexanik, elektrik, santexnik və digər texniki işçilər də çalışır. Ümumilikdə arenanın 15 nəfərə yaxın işçisi var.
Bəs qazona verilən gübrələr, digər preparatlar hardan gətirilir? Stadion direktorunun verdiyi məlumata görə, bütün bu işlərlə Bakıda yerləşən baş idarə məşğul olur: “Meydançalara lazım olan hər nə varsa bunu yazıb baş idarəyə çatdırırıq. Çünki stadion direktoru olsam da, mən özüm də bu sahənin mütəxəssisi deyiləm. Ota qulluq üçün ayrıca mütəxəssislər var. Baş idarə də onlarla məsləhətləşir və lazım olan deyək ki, gübrə, toxum və s. seçilərək bura göndərilir. Ümumiyyətlə, stadionların yaya və qışa hazırlığı var. Ona görə mövsümə uyğun olaraq qazona gübrələr verilir. Payız və yaz aylarında”.
Ümumilikdə, “Qəbələ” 9 meydançaya sahibdir. Bunların arasında təbii örtüklə bərabər, süni örtüklü meydançalar və bir süni örtüklü qapalı manej var. Həmsöhbətimiz bildirdi ki, süni meydançalar da həftədə iki dəfə vaxtlı vaxtında daranır və sulanır. Söhbət zamanı onu da öyrəndik ki, istər AFFA-dan, istərsə də digər klublardan heç kim bu günə qədər “Qəbələ” klubu ilə əlaqə saxlayıb onların təcrübəsindən yararlanmayıb. Yalnız ötən il Gəncə stadionunun qazonu sıradan çıxanda bərpa üçün “Qəbələ”nin ingilis mütəxəssisinə müraciət olunub və məhz onun yardımı sayəsində həmin stadionun qazonu bərpa edilib, bu günə kimi də problemsiz fəaliyyətdədir.
Mübariz bəy onu da bildirdi ki, əslində Qəbələ stadionu həftədə iki oyun üçün nəzərdə tutulub. Yəni qazonun yüklənmə gücü buna hesablanlb. Lakin bəzən elə olur ki, həftə ərzində meydançada 3-4 oyun da keçirilir. Bununla belə, qazonda heç bir problem yaşanmır. Həm də öyrəndik ki, əsas meydançanın altında isitmə sistemi də quraşdırılıb. Ki, bu da az vəsait tələb etmir. Lakin “Qəbələ” rəhbərliyi futbolu düşünərək bu addımı da atıb. Maraq üçün deyim ki, şəxsən özüm tanıdığım bir neçə istilik mütəxəssisi ilə əlaqə saxladım və məlum oldu ki, bir futbol meydançasının altında salınmış istilik sistemi gün ərzində fəaliyyət göstərərsə bu, hardasa 400 manata yaxın əlavə xərc deməkdir. Bax belə. Sonda biz də “Qəbələ” klubuna, rəhbərliyə, o meydançalara 24 saat ərzində yüksək səviyyədə qulluq göstərən hər kəsə futbol naminə etdikləri fədakarlığa görə təşəkkür edir, onlara gələcək işlərində də uğurlar arzulayırıq!
Anar XANLAROV (rekord.az), Qəbələ