- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ”la “Qəbələ” də qrupdakı növbəti oyununa çıxacaq.
“Qarabağ” doğma meydanda İngiltərənin “Tottenhem” klubu ilə qarşılaşacaq. “Qəbələ” isə səfərdə Yunanıstanın PAOK klubunun qonağı olacaq. Futbolsevərlərin diqqəti öncə Bakıdakı görüşə yönələcək. 22:00-da start götürəcək bu oyun bitəndən az sonra, 00:05-də də Qəbələ klubunun yunanlarla dueli start götürəcək.
Xatırladaq ki, son Azərbaycan çempionu “Qarabağ” bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlamışdı. Ağdam klubu Çernoqoriyanın “Rudar” klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın “Seltik” klubuna uduzaraq (səfərdə 0:1, evdə 0:0) Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalmışdı. Bu mərhələdə İsveçrə “Yanq Boyz”una həm səfərdə (1:0), həm də doğma meydanda (3:0) qalib gələn təmsilçimiz tarixində ikinci dəfə bu turnirin qrupuna vəsiqəni təmin etmişdi. Qrup mərhələsinin ilk turunda İngiltərə “Tottenhem”i ilə qarşılaşan ağdamlılar həmin görüşdə məğlubiyyətlə üzləşsə də (1:3), doğma meydanda Belçika “Anderlext”inə qalib gəlmişdi – 1:0. Fransa “Monako”su ilə səfər oyununda 0:1 hesablı məğlubiyyətə üzülən təmsilçimiz bu komanda ilə ev oyunda da 1:1 hesablı heç-heçəyə razılaşdı.
Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan “Qəbələ” isə Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız daha sonra Kipr “Apollon”una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0). Pley-offda isə Roman Qriqorçukun çalışdırdığı kollektiv Yunanıstan nəhəngi “Panatinaikos”u yolundan kənarlaşdıraraq (evdə 0:0, səfərdə 2:2) tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı. Bölgə təmsilçisi qrup mərhələsindəki ilk oyununda da qənaətbəxş nəticə əldə etmişdi – bu gün qarşılaşacağı Yunanıstan PAOK-u ilə doğma meydanda qolsuz bərabərliyə imza atmışdı. Lakin ikinci turda Rusiya “Krasnodar”ı ilə qarşılaşma təmsilçimiz üçün uğursuz başa çatdı – 1:2. Ardından Almaniyanın “Borussiya” (Dortmund) komandasına Bakıda 1:3 hesabıyla uduzan təmsilçimiz səfərdə daha ağır yenilgi ilə üzləşdi – 0:4.
Təmsilçilərimizin bu dəfəki rəqibləri də ciddi komandalardır və “Qarabağ”la “Qəbələ”nin uğur qazanması çox çətin olacaq. Qəbələlilərin rəqib meydanında hətta heç-heçə etməsi də sensasiya sayıla bilər. Baxmayaraq ki, Qriqorçukun komandasının qrupdan çıxması üçün həm PAOK-a, həm də son turda “Krasnodar”a qalib gəlməsi lazımdır. Amma “Qarabağ”dan daha çox şey gözlənilir. Qrupdan çıxmaq yolunda Qurbanovun futbolçuları “Tottenhem”lə ev oyunundan mütləq qələbə ilə ayrılmalıdırlar. Əks halda, “Qəbələ” kimi, “Qarabağ”ın da qrupdan çıxmaq şansları minimuma enə bilər.
Yeri gəlmişkən bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın təsnifat mərhələsindəki hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırırdısa, qrup mərhələsində müvafiq olaraq 0.500 və 0.250 xal qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədədir və hesabında 14.625 reytinq xalı var ki, onun da 4.125 xalı cari mövsümdə qazanılıb (“Qarabağ” – 1.750, “Qəbələ” – 1.375, “İnter” – 0.750, “Neftçi” – 0.250). Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.
Ayrıca götürsək, “Qarabağ” 13.425 xalla klub sıralamasında Avropanın 127-ci, “Qəbələ” isə 5.175 reytinq xalı ilə 253-cü komandasıdır. Rəqiblərə gəlincə, “Tottenhem” 65.931 xalla 24-cü, PAOK da 34.320 xalla 58-cidir.
Bu gün təmsilçilərimizin yer aldığı qruplarda başqa oyunlar da baş tutacaq. “Qəbələ”nin qrupunda “Krasnodar” doğma meydanda “Borussiya”nı qəbul edəcək. “Qarabağ”ın yer aldığı qrupda isə “Anderlext” səfərdə “Monako” ilə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi
5-ci tur
26 noyabr
J qrupu
22:00. “Qarabağ” – “Tottenhem”
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.
C qrupu
00:05. PAOK – “Qəbələ”
Baş hakim: Yakob Kehlet (Danimarka).
Salonika. “Tumba” stadionu.