Təmsilçilərimizin qrupda son sınağı

Bu gün Avropa Liqasında qrup mərhələsinin sonuncu – altıncı turunun oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ”la “Qəbələ” də qrupdakı son oyununa çıxacaq. “Qəbələ” doğma meydanda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşacaq. “Qarabağ” isə səfərdə Belçikanın “Anderlext” klubunun qonağı olacaq. Futbolsevərlərin diqqəti öncə Bakıdakı görüşə yönələcək. 22:00-da start götürəcək bu oyun bitəndən az sonra, 00:05-də də Ağdam klubunun belçikalılarla dueli start götürəcək.

Xatırladaq ki, son Azərbaycan çempionu “Qarabağ” bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlamışdı. Ağdam klubu Çernoqoriyanın “Rudar” klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın “Seltik” klubuna uduzaraq (səfərdə 0:1, evdə 0:0) Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalmışdı. Bu mərhələdə İsveçrə “Yanq Boyz”una həm səfərdə (1:0), həm də doğma meydanda (3:0) qalib gələn təmsilçimiz tarixində ikinci dəfə bu turnirin qrupuna vəsiqəni təmin etmişdi. Qrup mərhələsinin ilk turunda İngiltərə “Tottenhem”i ilə qarşılaşan ağdamlılar həmin görüşdə məğlubiyyətlə üzləşsə də (1:3), doğma meydanda məhz “Anderlext”ə qalib gəlmişdi – 1:0. Fransa “Monako”su ilə səfər oyununda 0:1 hesablı məğlubiyyətə üzülən təmsilçimiz bu komanda ilə ev oyunda da 1:1 hesablı heç-heçəyə razılaşdı. “Tottenhem”lə ev görüşü isə komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan “Qəbələ” isə Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız daha sonra Kipr “Apollon”una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0). Pley-offda isə Roman Qriqorçukun çalışdırdığı kollektiv Yunanıstan nəhəngi “Panatinaikos”u yolundan kənarlaşdıraraq (evdə 0:0, səfərdə 2:2) tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı. Bölgə təmsilçisi qrup mərhələsindəki ilk oyununda da qənaətbəxş nəticə əldə etmişdi – Yunanıstan PAOK-u ilə doğma meydanda qolsuz bərabərliyə imza atmışdı. Lakin ikinci turda “Krasnodar”la qarşılaşma təmsilçimiz üçün uğursuz başa çatmışdı – 1:2. Ardından Almaniyanın “Borussiya” (Dortmund) komandasına Bakıda 1:3 hesabıyla uduzan təmsilçimiz səfərdə daha ağır yenilgi ilə üzləşdi – 0:4. PAOK-la səfər oyunu da Bakıdakı kimi qolsuz bitmişdi – 0:0.

Təmsilçilərimizin hər iki rəqibi ciddi komandalardır və “Qarabağ”la “Qəbələ”nin uğur qazanması çox çətin olacaq. Qəbələlilərin öz meydanında hətta heç-heçə etməsi də müsbət nəticə sayıla bilər. Baxmayaraq ki, Qriqorçukun komandası bu görüşdə qrup mərhələsindəki ilk qələbəsini qazanmaq şansına da malikdir.

Amma “Qarabağ”dan daha çox şey gözlənilir. Qrupdan çıxmaq yolunda Qurbanovun futbolçuları “Anderlext”ə səfərdə mütləq qalib gəlməlidirlər. Əks halda, “Qəbələ” kimi, “Qarabağ”ın da qrupdan çıxması mümkün olmayacaq. Eyni zamanda ağdamlıların qrupdan çıxması üçün “Tottenhem”in “Monako”ya məğlub olmaması da vacibdir.

Yeri gəlmişkən bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın təsnifat mərhələsindəki hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırırdısa, qrup mərhələsində müvafiq olaraq 0.500 və 0.250 xal qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədədir və hesabında 14.875 reytinq xalı var ki, onun da 4.375 xalı cari mövsümdə qazanılıb (“Qarabağ” – 1.750, “Qəbələ” – 1.625, “İnter” – 0.750, “Neftçi” – 0.250). Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.

Ayrıca götürsək, “Qarabağ” 13.475 xalla klub sıralamasında Avropanın 128-ci, “Qəbələ” isə 5.225 reytinq xalı ilə 246-cı komandasıdır. Rəqiblərə gəlincə, “Tottenhem” 47.440 xalla 39-cu, “Krasnodar” da 21.976 xalla 87-cidir.

Bu gün təmsilçilərimizin yer aldığı qruplarda başqa oyunlar da baş tutacaq. “Qəbələ”nin qrupunda Dortmund “Borussiya”sı doğma meydanda PAOK-u qəbul edəcək. “Qarabağ”ın yer aldığı qrupda isə “Tottenhem” evdə “Monako” ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
6-cı tur
10 dekabr

C qrupu

22:00. “Qəbələ” – “Krasnodar”
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Bakı. “Bakcell Arena”.

J qrupu

00:05. “Anderlext” – “Qarabağ”
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Brüssel. “Konstant Vanden Stok” stadionu.

Həmin kateqoriyadan