Tərlan Əhmədov: “Biz uşaq səhvlərindən sonra qollar buraxırıq”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyunla bağlı deməyə çox sözüm yoxdur. Düşünürəm ki, ilk hissədə komandam arxayın davrandı. Bəlkə də “İnter”dən rahat xal alacağımızı düşünürdülər, amma futbol bunu qəbul etmir. İkinci hissədə toparlansaq da, nə isə edə bilmədik. Ümumiyyətlə, biz uşaq səhvlərindən sonra qollar buraxırıq. Hərdən düşünürəm ki, belə səhvlər ola bilərmi?

Bütün bunlara baxmayaraq, həyat davam edir. Biz səhvlərimiz üzərində işləməli və problemi aradan qaldırmalıyıq. Oyundan sonra ciddi bir şey olmadı. Sadəcə, polislə rəhbərlik arasında kiçik insident yaşandı. Hər halda, polis klub rəsmisini tanımaya bilər. Amma həmin yerdə AFFA-dan bir nümayəndə olarsa, belə bir problem yaşanmaz. Eyni zamanda, klub rəsmilərini tanıyan klub nümayəndəsi də bu problemi aradan qaldıra bilər.

Futbolçularımın fərdi səhvləri var. Eyni zamanda, oyunlar vaxtı səviyyə fərqi öz sözünü deyir. Futbolçular 1-ci divizion əhval-ruhiyyəsindən çıxmalıdırlar. Biz artıq qışdan sonranın planlarını da qururuq. Artıq bu gün düşərgəyə iki oyunçu gəlib, onların durumuna baxacağıq. Hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək”.

Həmin kateqoriyadan