Tanınmış güləşçilərimiz şagirdlərlə görüşüb

Tanınmış güləşçilərimiz 5 mart – bədən tərbiyəsi və idman günü ilə bağlı məktəblilərlə görüşüb.

Allsport.az xəbər verir ki, sərbəst güləş üzrə 2-qat olimpiya mükafatçısı, 3-qat dünya, 4-qat Avropa çempionu, Azərbaycan güləş federasiyasının (AGF) koordinatoru Hacı Əliyev 47 nömrəli məktəbin şagirdləriylə görüşüb. Titullu güləşçimiz məktəblilərlə səmimi söhbət edib, onların suallarını cavablandırıb.

Bakı şəhəri üzrə təhsil idarəsinin “Məktəbdə” layihəsi çərçivəsində reallaşan görüşdə H.Əliyev sağlam həyat tərzinin təbliği, idmanın gənclərin fiziki və mənəvi inkişafındakı rolu, peşəkar idmançı olmağın məsuliyyəti və uğura aparan yol barədə danışıb. O, karyerası boyunca qazandığı təcrübəni şagirdlərlə bölüşüb, məqsədyönlü çalışmanın və nizam-intizamın əhəmiyyəti, təhsil və idmanın paralel şəkildə inkişaf etdirilməsinin vacibliyindən bəhs edib. Tədbirin sonunda şagirdlərə imzalı şəkillərini paylayan H.Əliyev onlarla xatirə şəkili çəkdirib.

Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev isə 208 saylı məktəbin qonağı olub. AGF-nin nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi idmançı karyerasından danışıb, şagirdlərin suallarını cavablandırıb və onlara öz tövsiyələrini çatdırıb. Daha sonra fəal şagirdlər fəxri fərmanla təltif edilib və R.Çunayevin imza mərasimi keçirilib.

Akt zalında tədbirin rəsmi hissəsi bitdikdən sonra idman zalında ustad dərsi təşkil edilib. R.Çunayev Zəngilan UGİM-in yunan-Roma güləşi üzrə komandasının üzvlərinə müxtəlif fəndlərin icrasını izah edib.

AGF gənc nəslin sağlam ruhda böyüməsinə töhfə vermək, onları pis vərdişlərdən uzaq tutmaq, motivasiyasını yüksəltmək, idmanla məşğul olmağa təşviq etmək və güləşlə bağlı maarifləndirməni gücləndirmək məqsədilə müxtəlif məktəblərdə belə tədbirlərin təşkilini nəzərdə tutub.

Həmin kateqoriyadan