- Baxış sayı: 94
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
21 iyun – 2 iyulda Krakov-Malopolskada 3-cü Avropa oyunları keçirildi. Mötəbər tədbirdə Azərbaycan komandası 100 idmançı ilə 11 medal qazanaraq, yekunda 49 ölkə arasında 24-cü oldu. Yarışlar beynəlxalq olimpiya komitəsinin bayrağı altında keçirilsə də, təşkilati işləri milli olimpiya komitəsi (MOK) yox, gənclər və idman nazirliyi (GİN) apardı. Bunun nəticəsi olaraq, səfərə tək dövlət qurumunun geniş heyəti deyil, 26-nəfərlik KİV nümayəndələri də ezam olunmuşdu. MOK da öz media əməkdaşlarını Krakovu görməyə-gəzməyə göndərmişdi.
Visla sahilində həmkarlar maraqlı əhvalatlarla üzləşiblər. Ən çox məcara Ağa Dadaşzadənin başına gəlib. Jurnalistlər Krakov konqres mərkəzinin yaxınlığında yerləşən “Q” otelində məskunlaşmışdılar. 4-ulduzlu mehmanxananın 1 günü 137 manat təşkil edir. Əldə etdiyimiz bilgiyə görə, gənc həmyerlimiz son günlərdə otaqda su xətlərinin nasazlığı ilə rastlaşıb. Zamanında bunu qeydiyyata saldırmadığı üçün, təhvil-təslim zamanı yüksək məbləğdə cərimələnib. Xeyli müzakirədən sonra, nazirliyin nümayəndələri pul cəzasını 700 dollara endirə biliblər.
Əslində, Krakovun havası elə ilk gündən hər şey üzrə jurnalistə düşmədi. İyunun 21-də taksi ilə “Visla” stadionuna oyunların açılışına yollanarkən, ödəniş etməyə vasitə tapılmadı. Ön oturacaqda əyləşən nazirliyin xanım media əməkdaşında isə nəğd 50 avro olduğundan, xırdalada bilmədi. Sürücü çar-naçar qalıb, haqqını almadan sürüb getdi. Ertəsi gün Ağanın həmin xanım jurnalist və digər bir həmkarı ilə gecə saat 12-də media mərkəzində yemək arzusu da puç oldu. Bildirdilər ki, həmin vaxtda xidmət olmur. GİN-in rəsmən hər jurnalistə günlük nə qədər maliyyə ayırması açıqlanmadı. Görünür, maliyyədə çətinlik olub.
Sonra media qrupları müxtəlif şəhərlərə bölündülər. Dadaşzadə taekvondo yarışlarının keçirildiyi Krıniça-Zdruya təhkim edildi. Bu şəhər Krakovdan 125 km aralıda yerləşir. Bir müddət onunla əlaqə yaratmaq mümkülə çevrildi. Səbəbini, 3 nəfərdə eyni mobil telefonun olması üzündən dəyişik düşdüyünü və özünkünə qovuşması üçün 2 gün gözləmək məcburiyyətində qaldığı ilə izah etdi. Sonra dedi ki, Krıniça-Zdruyada (25 iyunda) hansısa yüksək çinli həmyerlimiz restoranda qonaqlıq verib. Tək onun nahar xərci 1400 zlot (təqribən 650 manat) edib. Üstəlik, hər adama 290 zlota (təxminən 130 manat) spirtli içki seti hədiyyə edib. Böyük ehtimalla, qayıdanda gənc jurnalistin buna başı çox qarışıb, özünü idarəetməni itirib və nəticədə vanna otağında məlum hadisə yaşanıb.
O, 12-günlük səfərdə Sloveniyaya qohumlarına baş çəkməyə də vaxt tapıb. Özünün dediyini yazıram. Bu slavyan ölkəsinə yollanmaq üçün Slovakiya və Macarıstanı keçməlisən. Elə də yaxın deyil. Hava ilə 988 km (1:19 dəq), avtomobillə 980,86 km-lik (11:29 dəq) məsafədir. Kəsəsi, ən azı 2 gün yolda olmalısan. Maraqlıdır, bəs onda Ağa oyunlarda necə işləyib? Bildirdiyinə görə, bu səfərdə siyahıya tapşırıqla salınıb – samballı yerdən nazirliyə deyilib. Ona 1 aylıq Şengen vizası verilib. Çalışdığı media orqanı da məxfi olub. Heç kim onun düz-əməlli harada işlədiyini bilmir. Ona hətta Feysbukda oyunlardan yazdıqlarını mənbə olaraq haradan oxumaları üçün sual da verilib. 23-illik idman jurnalisti karyeramda ilk dəfədir belə hadisə ilə rastlaşıram: haqqı olan kənarda saxlanılır, tapşırıqla səfərə çıxır, heç bir iş görmür və yazdığı sirr qalır – üstəlik, dövlətə müəyyən məbləğdə ziyan vurulur. Belə anladım ki, nazirliyin yeni qərəzli rəhbərliyindən hələ çox görəcəyimiz var.
Y.S. Dəyərli həmkarlarım nəql edirdilər ki, yolda o təşkilatçıların ayırdığı xüsusi kiçik avtobusu idarə edən sürücüyə çoxlu yerli-yersiz suallar verib və sonda ətin Krakovda neçəyə olduğunu soruşub. Ağa, ət (!) hər yerdə bahadır.
Y.S.Y. Fevralda böyük ümidlə Fərid Qayıbovun görüşünə tələsənlər Ağanın orda olmasından hiddətlənməsinlər, özlərini aldanmış və təhqir olunmuş saymasınlar. İndi Dadaşzadənin dövrüdür. Amma sizə də növbə çatar. Əsas nazirin ətəyindən bərk-bərk yapışın, onunla mehriban olun. Daim o olan yerlərə gedin ki, kütləvilik qeydə alınsın. Nə fərqi, Krakov-2023 və ya Paris-2024. Məşədi İbad demiş: “O olmasın, bu olsun”. Ən başlıcası, istifadə olunub kənara atılmayın. Qalanı düzələn işdir…
Kamran HACI, Krakov qeydləri