- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bakı Şəhər Halqası əməliyyat şirkətinin rəsmiləri Tiflisdə Gürcüstan mediasının nümayəndələrinə “Qafqazda formula1: regionda turizm ilə avtoidmanın birgə inkişafı” mövzusunda təqdimat keçirib. Allsport.az saytı xəbər verir ki, iştirakçılara Azərbaycan qran-prisi haqqında ətraflı məlumat verilib. “Mariott” mehmanxanasında baş tutan görüşdə BŞH-nın marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə kommersiya şöbəsinin rəhbəri Bülənd Özərdim çıxış ediblər.
Regionda turizmlə avtoidmanın qarşılıqlı inkişafı prespektivlərindən danışan Nigar Arpadarai Azərbaycanda baş tutan formula1-in yarışına Gürcüstandan böyük maraq göstərildiyini bildirib: “Biz ötən il olduğu kimi bu il də Bakıda keçirilən formula1 yarışının Gürcüstanda təbliğinə xüsusilə çalışırıq. Ötən il Gürcüstandan paytaxtımıza yarışı izləmək üçün çox sayda formula1 azarkeşi gəlmişdi. Bu il daha intensiv şəkildə apardığımız kampaniyalar və keçirdiyimiz görüşlər nəticəsində ötən illə müqayisədə daha çox gürcüstanlı turistin gələcəyini gözləyirik. İnanıram ki, Formula 1 azarkeşlərinin böyük maraq və həvəslə gözlədiyi Azərbaycan qran-prisi region ölkələrində avtoidman mədəniyyətinin inkişafında böyük xidmət göstərəcək”.
Bakıda f1 yarışının yay fəslinin başlanğıcında keçirilməsi ölkəyə xaricdən turist axınına səbəb olacağını qeyd edən Bülənd Özərdim Gürcüstanın Azərbaycan qran-prisinə ən çox maraq göstərən ölkələrdən biri olduğunu bildirib: “Bu il Bakıda bu yay 23-25 iyunda baş tutacaq yarışa indiyədək 54 ölkədən bilet alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il daha çox bilet satılıb. Builki yarışa daha çox ölkənin maraq göstərməsinə baxmayaraq Gürcüstan hər iki il ilk beşliyə daxil olaraq öz qabaqcıl mövqeyini qoruyub saxlaya bilib. Nəticədə biz bu il keçən ildəkindən olduqca çox sayda gürcüstanlı turist gözləyirik”.
Qeyd edək ki, BŞH rəsmilərinin Tiflisdə formula1 ilə bağlı keçirdiyi ilk görüşə jurnalistlər ilə yanaşı biznes sektorunun nümayəndələri də böyük maraq göstərib.