Titullu taekvondoçu illərdir haqsızlıqla üz-üzə qalıb. Tapdıq Əkbərovun ümidi kimlərədir?

Son günlər Azərbaycan idmanında gərginlik, hayqırtı səsləri, həyacan təbilləri, fəryad qopmaları və imdad diləkləri səngimək bilmir. Cüdo və karatenin ardından taekvondoda da haqsızlıq sədaları eşidilməyə başlayıb. Maraqlıdır ki, bu idman növləri aparıcı sayılır və illərdir əsas yükü çiyinlərində daşıyırlar. Rio-2016-da Radik İsayevlə ilə dayanqda gələn böyük uğurlara dünya çempionatlarında Milad Bəyginin “qızıllar”ı əlavə olundu. Nə qədər bunlara və Patimat Abakarovanın olimpiya bürüncünə sevinsək, Tokio-2020-dən sonra yaşanan durğunluğa Paris-2024-də Həşim Məhəmmədovun gümüş medalı ilə son qoyulmasına fərəhlənsək də, qazanılan nəticələr yerlilərin deyil, legionçuların hesabına yazılıb. Kişilərdə məhv olmuş sistemi qadınlarda Fəridə Əzizovanın əzmkar qələbələri təsəlli verirdi. Amma onun idmançı kimi gedişindən sonra narahatçılığa digər bir istedadlı taekvondoçumuz Minayə Əkbərova son qoyub. Hərçənd keçdiyi yol vadilər adlayıb, çətinliklərə sinə gəlib, hətta qısa zamanda olsa belə, millidən uzaqlaşmaq məcburiyyətində qalıb. 

Atası Tapdıq kişi durumdan narahatdır. Minayə həm qızıdır, həm də şəxsi tələbəsi. Ağcabədidən olan bu ailənin idmana dərin sevgisi var. Tapdıq Əkbərov 1967-ci ildə anadan olub. O, 1998-ci ildən Azərbaycan taekvondo federasiyasıda məşqçidir. Tapdıq müəllimin sözünə görə, Minayə 17 ildir bu idman növü ilə məşğul olur. Böyük uğurun əsası 2014-cü ildə, vətəndə, paytaxtda keçirilmiş yeniyetmələrin dünya birinciliyində 2-ci yer tutmaqla qoluyub. Elə o vaxtdan bəri qələbələri sıralayır. “Gilan” İK-in təmsilçisi 2017-ci ildə Türkiyədə klublararası qitə çempionatında qalib olub. Bir il sonra böyüklərin yaş qrupuna keçib və Azərbaycan çempionluğunu bayram edib.

Tapdıq müəllim allsport.az saytına bildirib ki, əsas millidə yarışlara hazırlaşarkən “zəifsən” bəhanəsi ilə heyətdən kənarlaşdırılıb. Yenidən ölkə çempionu kimi özünü təsdiq edib seçməyə qayıtsa da, bu dəfə də komandadan uzaqlaşdırılaraq Tokio-2020 yay olimpiya oyunlarına yollanmaq arzusunu ürəyində qoyublar. Sitat: “Pandemiya dönəmində milli Bakıda zalda məşq edirdi. Mən isə Minayəni Ağcabədidə açıq havada çəmənin üstündə hazırlaşdırırdım. O zaman qapalı məkanda çalışmağa icazə yox idi. Gördüyüm zəhmətin nəticəsində qızım 2021-ci ildə Bolqarıstanda Avropa çempionatında 20 yaşında qadın millisində 46 kq-da bürünc mükafata yetişib”.


Minayənin böyük uğurları bununla bitməyib. Konya-2021 (pandemiyaya görə Tokio-2020 kimi 1 il gec keçirilib) İslam həmrəyliyi oyunlarında gümüş, Çində tələbələrin universiadasında bürünc medal qazanıb. Hər şey yoluna qoyulmuş kimi görünən bir məqamda 2022-cü ilin sonunda qadın millisinə koreyalı Sun Min Park təzədən baş məşqçi gətirilib, Hyeyounq Çoi böyük məşqçi təyin olunub.

2024-cü ilin əvvəlində adı 2-ci çəkilən mütəxəssisi həmyerlisi Seulbi Li əvəzləyib. İşlər bundan sonra daha korlanıb. Asiyalıların yeni yanaşması özünü doğrultmayıb. Nəticədə, tağımın öncülləri – Fəridə Əzizova və Patimat Abakarova, Estoniyada keçiriləcək olimpiya çəkiləri üzrə Avropa çempionatı üçün təlim-məşqlərə qatılmayıblar. Minayənin gedişi, daha doğrusu, federasiyadan küsməsi, haqsızlıq və ədalətsizlik ilə bağlı olub. İstedadlı idmançı öz olimpiya çəkisində millidə rəqibini üstələdiyi halda, koreyalılar Paris-2024-ə vəsiqə verən yarışa 49 kq-da Zemfira Həsənzadəni aparıblar. Nəticə? Qadınlarda sıfır lisenziya! Olimpiadadan sonra əcnəbi məşqçilər geri göndərildilər, öz azərbaycanlımız isə idmandan uzaqlaşdı.

Ötən ilin sonunda müxtəlif yaş qrupları üzrə seçmələrdə baş verən köklü dəyişiklikdən sonra Minayə Əkbərova geri dönüb. Ölkə çempionu olmaqla bir daha özünü təsdiqləyən taekvondoçu ilin əvvəllərində bir neçə beynəlxalq yarışda fərqlənməklə Ər Riyad-2025-ə yollanmaq fürsəti qazanıb. İslam oyunlarında 2-ci olan idmançımız ilin sonunda yenidən dövlətdən mənzil almaq üçün ərizə ilə müraciət etsə də, deyəsən bu dəfə də arzusu ürəyində qalacaq. Azərbaycan taekvondo federasiyasından yayılan bilgiyə görə, ilin sonuna təqdimat, avqustda baş katib təyin olunan Aygül Abdullayeva üçün gedib. Görünür, onunla ATF-in yeni vitse-prezidenti Hikmət Səmədov çox çevik və fürsəti boşa verməyən şəxslərdəndir. Təki idman nəticələri də belə olsun.

Tapdıq Əkbərovun çarəsi gənclər və idman naziri Fərid Qayıbovadır. Mənim tövsiyəmlə 2-3 gün öncə nazirin qəbuluna yazılıb. Ümidi az olsa da, 46 yaşlı məmurun ədalətinə inanmağı məsləhət görmüşəm. Ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev fondunun prezidenti onun xanımı Mehriban Əliyevaya da məktubla müraciət etdiyini deyib. Qızının uğurları müqabilində heç “əməkdar məşqçi” fəxri adı da almayıb. İnanırıq ki, haqq-ədalət yaxın zamanlarda öz yerini tutacaq. O da valideyndir, atadır, övladını xoşbəxt və firavan görmək istəyir. Böyük ustadımız Cabir Novruz burada necə deyir: “Bir arzum var, ay adamlar, qoyun deyim. Sağlığında qiymət verin insanlara. Yaxşılara sağlığında yaxşı deyin. Sağlığında yaman deyin yamanlara…”

Kamran HACI

Həmin kateqoriyadan