- Baxış sayı: 8
- 21 Noyabr 2024 11:21
- Baxış sayı: 95
- Noyabr 19, 2024
- 0
Məşhur azərbaycanlı futbol hakimi Tofiq Bəhramov həqiqətən də sovetlər dönəminin əfsanəvi şəxsiyyətlərindən olub. Onun 1966-cı il dünya çempionatının finalında qeydə aldığı qolu kim bilmirki? Həmin mübahisəli qol sayəsində həmyerlimiz tarixə keçib, İngiltərə millisi isə ilk və yeganə dünya kubokunu qazanıb.
Vətəndə mərhum hakimə sözün əsl mənasında rəğbət bəslənilirdi. Hələ sovet illərində Bəhramov hakimiyyətin hörmətindən yararlanırdı. 1966-cı il dünya çempionatının məşhur finalından sonra o, “Qırmızı əmək bayrağı” ordeni ilə təltif olunmuşdu. Bəhramovun Bakının hökumət məhəlləsindəki binaların birində nəhəng mənzili var idi və Azərbaycanın tanınmış şəxsləri ilə qonşuluq edirdi.
Yaşayış sahəsinin ölçüsünü məşhur sovet hakimi Sergey Belyaevin hekayəsindən təsəvvür edə bilərsiniz. O, Bəhramovla çox yaxşı dost idi və Azərbaycana gələndə onunla qalırdı.
— Bakının tam mərkəzində çox böyük evi var idi. Tofiqin eyvanı Soçi çimərliyinin yarısına bənzəyirdi. Çox nəhəng idi! Bəhramovla bir çarpayıda yatırdıq. Çarpayı kifayət qədər böyük idi, hər ikimiz rahat yerləşirdik… – Belyaev Rusiya mətbuatına bildirib.
Bir gün oğrular Tofiqin evinə soxulmağa çalışırdılar. Gecə yarısı giriş qapısını açıb mənzilə dırmaşdılar. Bəhramov səs-küydən ayılaraq onlarla məşğul olmağa getmişdi. Qəribədir ki, Tofiq onlara toxunmayaraq sakitcə çıxıb getməkləri üçün şərait yaratdı. Tofiq polisə belə zəng etmədi.
Əfsanəvi hakimin nəvəsi Tofiq Bəhramov babasının evinin yaxınlığında həmişə futbolsevərlərin olduğunu, onların hakimlə ünsiyyət qurmağı özlərinə şərəf hesab etdiyini deyib.
— Üzeyir Hacıbəyov küçəsində, hökumət evinin arxasında yaşayırdıq. Evimiz Bakı bulvarının yaxınlığında yerləşirdi və hər axşam dənizə gəzintiyə çıxırdıq. Bu zaman babamı görən adamlar yanımıza gəlib salam verirdilər, onunla söhbət edirdilər. Yadımdadır, səhər işə gedəndə futbolsevərlər onunla söhbət etmək, salamlaşmaq üçün evimizin qarşısında gözləyirdilər. Mən o vaxt balaca idim və evimizin pəncərəsindən onlara baxırdım”, – deyə nəvə Bəhramov yerli mətbuata bildirib.
Bakının hökumət məhəlləsində tanınmış musiqiçilər Müslüm Maqomayev, Hacı Məmmədov və Lütfiyar İmanov, yazıçı Yusif Səmədoğlu və Azərbaycanın digər tanınmış simaları yaşayırdılar. Onların hamısı müxtəlif vaxtlarda Tofiq Bəhramovla qonşu olublar.