Tovuz stadionunda “Canavar ordumuz, yoxdur qorxumuz” şüarlı lövhəni kim(lər) çıxartdırıb?

Ölkə başçı İlham Əliyevın siyasətinə qarşı çıxmağa kimin “Hünər”i çatıb?

“Turan Tovuz” – həmişə milliliyi, turançılığı və vətənpərvərliyi ilə digər klublardan seçilib. Şəhər stadionunun ərazisinin müxtəlif yerlərində və guşələrində 2-ci Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucalan abidələr və lövhələr, tikilən bulaqlar, hər oyunun 44-cü dəqiqəsində qələbənin şərəfinə tribunada “Şəhidlər ölməz, Vətən bölünməz” şüarının səsləndirilməsi, yerli əhalinin bu məsələyə nə qədər həssas olduğundan xəbər verir. Bundan əlavə, azarkeşlər klubun adının hansı məna daşıdığını gözəl dərk edərək, matçın gedişində “Boz qurd” işarəsi ilə bütöv türkçülüyə sədaqətliliklərini nümayiş etdirirlər. Nə gözəl! Bu məqsədə xidmət edən hər kəs üçün bundan fərəhli nə olar bilər? Təbii ki, bunun belə olmasında, klubun tovuzlu idarə heyətinin əməyi böyükdür.

Amma sən saydığını say, gör fələk nə sayır: “Dədə Qorqud”da olduğu kimi, “Beyrək əsirlikdən qayıdıb gəldi. Toyunu etdi, Banuçiçəyi gərdəyinə gətirdi, oğulları oldu. Beyrəyin bacısı Güneli Qazanın oğlu Turala nişanladıq. Şadlıq etdik, çaldıq, oxuduq. Elə bildik ki, Oğuz elinin qadalı-badalı günləri qurtarıb getdi. Nə biləydik ki, müsibətli günlərimiz qabaqda imış. Nə biləydik ki, hələ başımıza nə qəzalar gələcək…”


2023-cü ilin 11 fevralında “Hünər qrup” bu tağımın rəsmən baş himayəçisi oldu. Fufbolu inkişaf fondunun vasitəçiliyi ilə Tovuzda təmtəraqlı tədbir keçirildi. Yeni sponsor imzalanma mərasiminə öz hesabına Bakıdan xeyli KİV nümayəndəsi də dəvət etdi. Allsport.az dövlətyönlü sayt olduğundan, adət üzrə bu siyahıda yer almadı. İlk dönəmdə hər şey rəvan gedirdi, yerli futbol camiyəsi ilə hesablaşılırdı. Hərçənd, zamanla, Ehtiram Quliyevin (idarə heyətinin yeni sədri) ətrafında olanlar durumu tam ələ aldılar.

Beləliklə, qurulan təməldə, 5-illik hədəfdə tərs mütənasiblik yarandı. İlk xoşlarına gəlməyən – stadionun əsas meydanı ilə köməkçi meydançanın ortasında yerləşdirilən reklam lövhələri üzərində Göytürk dilində “Tenqri” (“Tanrı”) yazılan, 2 boz qurd təsviri ilə əks olunan “Canavar ordumuz, yoxdur qorxumuz” oldu. Elə qorxdular ki, keçən ilin noyabrında artıq o pankartı meydanda görmədi(k)m. Səbr etdim, gözlədim, bəlkə qaytaralar. Amma yox, araşdırma nəticəsində bəlli oldu ki, avropalıların turanfobiyası deyəsən bunlara da keçib. Belədə, söz vaxtna çəkər, yerinə düşər deyib, qələmə aldım.

Çox maraqlıdır, dövlət başçısı İlham Əliyevin ümumtürk (ümumxalq) siyasətinə qarşı çıxmağa kim(lər) cürət edə bilər? Azərbaycan hazırda qalib dövlətdir və bölgədə söz sahiblərindəndir. Ölkə prezidenti son dönəmdə türk dövlətləri ilə daha yaxın münasibətdədir. Türk dövlətləri birliyinin həftəsonu Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü buna növbəti əyani sübutdur. Bu toplantı çərçivəsində cənab prezidentin Almaniyada qitə çempionatının 1/8 finalında Avstriya millisinə vurduğu hər qoldan sonra “Boz qurd” işarəsi göstərən Mərih Dəmiralın UEFA tərəfindən cəzalanmasını pisləyərək, türkiyəli futbolçuya öz “X” platformasında açıq dəstək nümayiş etdirməsi, Azərbaycan xalqını da çox qürrələndirib. Görünür, “sapı özümüzdən olan baltalar” 44-günlük 2-ci Qarabağ savaşında meydana gələn “Dəmir yumruğ”un əzəmətini unudublar.

Sonra başqa müsibət yaşandı. Yaxşı ki, o zaman ölüm-itim olmadı. Ötən ilin 23 dekabrında, premyer liqanın 18-ci turunda “Turan Tovuz” – “Araz-Naxçıvan” görüşündə çalındı. Güclü külək “Hünər qrup”la ədavət aparıb, Odlar yurdunda məhz Tovuz stadionunun işıq dirəyini aşırdı. Yandaş media bunu təbiət hadisəsi adlandırdı. Nədənsə, təbiət “Küləklər şəhəri” Bakının, onun stadionlarının işıq dirəkləri ilə deyil, Tovuz futbol qurğusu ilə şıltaqlıq edib.
Növbədə, sistemi dağıtmaq qalırdı. Onu da yerli baş məşqçi Ayxan Abbasovu göndərməklə mümkün idi. Çünki onu keşmiş icraçı direktor Nadir Nəbiyev dəvət etmişdi. Ümumiyyətlə, Tovuz futbolun sevildiyi rayonlardandır. Orada yaxşı bilicilər var. Adi kənd sakini də bu idmanı yaxşı anlayır.

Yaxşı, onda çörəyi niyə çörəkçiyə vermirlər? İndi hər şeyi sıfırdan başlamaq lazım gələcək. Bu azmış kimi, 2 mövsüm kluba qoyulan xərc də batdı. Yeni baş məşqçi öz fəlsəfəsini yeridənədək, bir müddət keçəcək. Təcrübə göstərir ki, Azərbaycanda hər əcnəbi mütəxəssis uğur qazana bilmir. Öz yerli məşqçilərimizə güvənməzlik isə çoxdankı dərddir. Açığı, Tovuzda zor işə yaramayacaq. Necə ki, “Hünər” şirkəti hər oyunda öz adı yazılan köynəkləri “Ultras Turan” azarkeşlər qrupunun üzvlərinə geyindirsə də, tovuzlular həmişəki kimi “Boz qurd”a sadiq qalacaqlar.

Y.S. “Turan Tovuz”da daxili narazılıqlar var və günü-gündən artır. Rəhbərlik (himayədar) polisin Qəbələdə saxladığı klub avtobusunu belə buraxdıra bilməyib. Allah qoysa, növbəti yazılarda bu və digər məsələləri, o cümlədən, ölkə futbolunun mərc şirkətlərinin məngənəsinə düşməsindən, PFL-in AFFA üzərindən önə keçməsinin arxasında nəy(lər)in dayandığını təfsilatı ilə işıqlandırmağa çalışacağam.

Kamran HACI

Həmin kateqoriyadan