“Transferlərlə bağlı rəhbərliklə görüşümüz olacaq”

“Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışındakı son yoxlama oyununda Çexiyanın “Teplitse” klubu ilə qarşılaşıb. Allsport.az xəbər verir ki, Antalyada baş tutan görüşdən (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev fikrini açıqlayıb:

“Toplanış çərçivəsində son oyunumuz idi. Hazırlığın son altı günü ərzində üç matç planlaşdırmışdıq. Komanda meydanda istədiyimizi verməyə çalışırdı. Təlim-məşq toplanışı planımıza uyğun keçdi. Ən əsası isə hazırlıq prosesini zədələrsiz başa vurduq. Bəzi oyun elementlərinin üzərində işləyirdik və onlar matç ərzində gördük.

Ümumilikdə komandadan razıyam. Futbolçular həm oyunlar, həm məşqlərdə səy göstərirdilər. Bütün fikrimiz toplanışla bağlı idi. Vətənə qayıtdıqdan sonra diqqətimiz premyer liqanın qarşıdakı görüşünə yönələcək. Hələlik yalnız Rafael Utziq komandaya qoşulmayıb. Onun qarşıdakı günlərdə məşqlərə qatılacağı gözlənilir. Transferlərlə bağlı rəhbərliklə görüşümüz olacaq. Bir mövqeni mütləq gücləndirməliyik”.

Həmin kateqoriyadan