- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

“Turan Tovuz” klubu ötən mövsüm premyer liqanı 48 xalla 6-cı sırada bitirdi. “Qırmızı-göylər” rəqib qapılarından 53 top keçirdilər ki, bu da çempion “Qarabağ”dan sonra 2-ci yüksək göstərici idi. Komanda yay fasiləsində təkmilləşmək əvəzinə, baş məşqçi Ayxan Abbasovla yolunu ayırdı və hər şeyi yenidən başlamağa qərar verdi. Maraqlıdır ki, gənc mütəxəssisin yerinə, 72 yaşlı əcnəbi – Qurban Berdiyev təyin olundu. Dəyişikliyin önündə, baş himayədar “Hünər” dayanırdı.
Şirkətin təsisçisi və direktoru Ehtiram Quliyev hökmürəvan, helimli və müasir düşüncəli insandır. Amma ondan fərqli, ətrafındakılar öz maraqlarına xidmət edir. Bu üzdən də klubda daim fikir ayrılığı və narazılıq olur. Təsəvvür edin, “Turan Tovuz”a paytaxtdan dəvət olunan azərbaycanlı tərcüməçi cəmi 1 ay işləyə bildi. Çünki şərait dözülməz həddəydi. Yerlilər bir tərəfdən, “Hünər”dəkilər o biri tərəfdən sıxırdılar.
Rusiyalı çalışdırıcının da şıltaqlığı az deyildi. Məcbur edirdi ki, çox sözü ruscadan tərcümə etməsin. “Turan Tovuz” millətçi ruhda qurulub. Amma görünən odur ki, camiyə yavaş-yavaş öz məqsəd və məramından uzaqlaşdırılır. Qurban Berdiyevin gəlişi ilə hər qələbəyə görə mükafat bərpa olunub. Ehtiram Quluyev ilk aylar səxavət nümayiş etdirsə də, sonradan ətrafındakılar buna mane olublar. İndi onları fikir götürüb. Sanki nə gedir, ciblərindən gedir.
Ötən ay klubun idarə heyətinin sədri bir qrup azarkeşlə bir görüşüb. Allsport.az saytının əldə etdiyi bilgiyə görə, toplantıda yerli futbol camiyəsinin olmaması narazılığa səbəb olub. Özəlliklə, “Turan Tovuz”un güclülər dəstəsinə qayıtmasında böyük rolu olan keçmiş icraçı direktor Nadir Nəbiyevin. Tağıma can qoyanlar tədricən özəkdən uzaqlaşdırılırlar. Tovuz futbolun ən çox sevildiyi rayonlardan olduğundan, gərginlik dərhal sezilir və yayılır.
Uğurları qazanmaq nə qədər çətindirsə, onu qorumaq və daha irəli getmək ondan da mürəkkəb işdir. Çünki hər bir müvəffəqiyyət özündə uğursuzluq toxumu gizlədir. Min bir zəhmətlə qazanılan nailiyyətlər tənəzzülün başlanğıcına çevrilməməsi, əməyə verilən yüksək qiymətin kimisə yoldan azdırmaması və çaşdırmaması da vacibdir. Yeni mərhələdə “Hünər” əvvəlkindən fərqli yükü öz üzərinə götürüb. Bu dövrdə ötən dövrün təcrübəsinə söykənən genişmiqyaslı addımlar atılmalı, Tovuz futbolu rəqabətdən qopmamalı və məkrli işlərdən uzaq tutulmalıdır. Əks halda, işbazlar öz dayaz siyasətləri içində boğulacaqlar.