- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Turan Tovuz”un yeni transferi Denis Marandiç PFL-in “Youtube” kanalına müsahibə verib. Allsport.az xəbər verir ki, 27 yaşlı oyunçu Tovuz təmsilçisində özünü xoşbəxt hiss etdiyini söyləyib:
“Hamı məni çox yaxşı qarşıladı. Tam motivasiyalıyam, həqiqətən yaxşı kollektivimiz var. Antalyada ciddi hazırlıq keçdik. İnanıram ki, hazırkı çıxışımızı çempionat matçlarında da davam etdirib qarşıya qoyulan hədəflərə çatacağıq”.
Moldovalı müdafiəçi bildirib ki, Azərbaycandakı iddialı komandaların avrokuboklardakı bəzi matçlarını izləyib: “Onları beynəlxalq arenadakı çıxışlarından tanıyıram. Düşünürəm ki, çətin olacaq. Amma özümü “Qarabağ”, “Sabah”, “Neftçi” kimi güclü komandalara qarşı oynamağa motivasiya etmişəm. Ən yaxşı oyunumu göstərməyə çalışacağam”.
Yoxlama matçlarında 2 qol vuran təcrübəli futbolçu komandanın uğurunu şəxsi göstəricilərdən üstün tutur: “Qol vurub komandama kömək etdiyim üçün xoşbəxtəm. Düzdür, ilk növbədə müdafiəçiyəm. Amma vəzifələrimdən biri hücuma dəstək verməkdir. Önəmli olan rəsmi qarşılaşmalarda fərqlənməkdir. Həmin matçlarda daha yaxşı oynamalıyıq. Düzdür, fərdi nailiyyətlər də vacibdir. Amma ən birinci komandanın nəticələridir”.
Marandiç tovuzlu azarkeşlərdən də danışıb: “Onların önündə oynamaq xoşdur. Tovuzlu fanatlar barədə eşitmişəm. Bilirəm ki, komandamızın yaxşı dəstəyi var. Onların qarşısında çıxış etməkdən məmnun olacağam”.