Ürfan Abbasov: İlk mərhələdə yaxşı hazırlıq keçdik

“Mövsümün ilk yarısı başa çatdıqdan sonra istirahətə buraxıldıq. Bütün komanda üzvləri kimi mən də bu müddətdən səmərəli istifadə etdim. Ailəmlə vaxt keçirmək imkanım oldu. Həm fiziki, həm də psixoloji cəhətdən yaxşı istirahət etdim. Bu da 2-ci yarının hazırlıqları ərəfəsində müsbət hal oldu”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov deyib. Futbolçunun fikrincə, hər şey qaydası üzrə gedir: “Toplanışa öncə Bakıda bir araya gəldik. Paytaxtda keçirdiyimiz müddət ərzində verilən bütün tapşırıqları yerinə yetirdik. İstənilən səviyyədə məşq etməyə nail olduq. Ölkədəki toplanışı yoxlama oyunu ilə başa vurduq ki, bu görüş də ilk mərhələdə yaxşı hazırlıq keçdiyimizi təsdiqlədi.

Artıq 3 gündür Türkiyədəyik. Antalya toplanışı da yüksək səviyyədə təşkil olunub. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmaq imkanımız var. Bundan maksimum yararlanıb mövsümün həlledici hissəsində hədəflərimizə çatmağa çalışacağıq. Qarşıda bizi yoxlama oyunları da gözləyir. Bu matçlar hazırlıq baxımından çox önəmlidir. Belə görüşlər komandanın hazırkı durumunu, hansı komponentlərin üzərində çalışmalı olduğumuzu bir daha göstərir. Toplanışın sonuna qədər vaxt var ki, bunların da üzərində işləyib, 2-ci yarıya tam hazır olacağıq”.

Həmin kateqoriyadan