YAZI
Var millətimin imzası imzalar içində

Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin ənənələri olan güləşi sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. Tarixən Şərqlə Qərb arasında körpü olmuş Odlar yurdunda cüdo güləşinin də əvəzsiz rolu və yeri var. Digər növlərlə müqayisədə, onlara böyük hüsn-rəğbətin və məhəbbətin bir kökü də buradan gəlir. Çünki bu diyarda bir bahadır qələbəsi ilə bir orduya bərabər iş də görə bilir, onu sabaha – daha böyük zəfərlərə səsləyir. Bu gün də belədir. Bəşəriyyətin ən böyük idman təntənəsindən söz düşərkən, gözlər ilk növbədə cüdoçularımıza dikilir. Müstəqillik əldə olunduqdan sonra keçirilmiş bütün olimpiya oyunlarında tatami ustaları ölkə bayrağının şərəfini daim uca tutublar.

Oyunlarda ilk dəfə yüksələn bayraq

So­vetlərin 70 il­lik öm­rü­nə xi­tam ve­ril­mək­də idi. İmperiya 15 müs­tə­qil dövlətə parça­lan­maq ərə­fə­sin­dəy­di. Ar­tıq Bal­tik­ya­nı res­pub­li­ka­lar müs­tə­qil ola­raq “dördilliy”ə qa­tıl­mış­dı­lar. Bey­nəl­xalq Olim­pi­ya Ko­mi­tə­si­nin qə­ra­rı­na əsa­sən, di­gər müt­tə­fiq ölkələrin ha­mı­sı onun bay­ra­ğı al­tın­da ya­rış­la­ra qa­tıl­dı­lar. Ko­man­da proqra­mın­da qa­lib­lə­rin şə­rə­fi­nə BOK-un, fər­di mü­ba­ri­zə­də isə hə­min res­pub­li­ka­nın öz bay­ra­ğı qal­dı­rıl­dı. SSRİ-nin da­ğıl­ma­sı ar­tıq ger­çək fakt idi. Bu sə­bəb­dən, hə­min dövr­də va­hid ko­man­da­nın olim­pi­ya ə­rə­fə­si for­ma­laş­dı­rıl­ma­sın­da prob­lem­lər yaradıl­dı.

Yığmanın baş məşq­çi­si 60 kq-da Na­zim Hü­sey­no­vu gür­cü Georgi Va­za­qaş­vi­li ilə əvəz etmək is­təyirdi. Cüdoçumuz rəqibi yaxşı tanımırdı. Sonradan müsahibələrində bildirmişdi ki, o, özünü digər gürcü güləşçisi – Əmiran Totikaşviliyə qarşı hazırlamışdı. Cənibi qafqazlı Seul-1988-də bürünc, dünya çempionatı-1989-da qızıl medal qazanmışdı. Georgi Va­za­qaş­vi­li ilə əla­və gö­rüş­lər­dən son­ra, ha­kim­lə­rin yek­dil qə­ra­rı ilə cü­do­çu­muz Bar­se­lo­na­ya yol­lan­dı. Əl­bət­tə, be­lə mə­qam­da onun səh­və haq­qı çat­mır­dı.
Sta­dio­na gə­ti­ri­lən 12 res­pub­li­ka­nın bay­ra­ğı ara­sın­da üç­rəng­li­miz da var idi. Onu 5 id­man­çı – Na­zim Hü­sey­nov­dan sa­va­yı, gim­nast Va­le­ri Be­len­ki, stend atı­cı­sı Va­le­ri Ti­mo­xin, ten­nis­çi Va­len­ti­na Po­po­va, qı­lın­coy­na­dan İl­qar Məm­mə­dov mü­şa­yi­ət edir­di.
Na­zim fəx­ri kür­sü­nün ən yük­sək pil­lə­si­nə qalx­dı. O, ardıcıl olaraq 4 rəqibinə “ippon”la qalib gəldi, yarımfinalında son dünya çempionu yapon Tadanori Koşinonu üs­lub­lu şə­kil­də yendi. Həlledici tutaşmada koreyalı Hyun Yoona məyus edərək, ilk də­fə Azər­bay­can bay­ra­ğı olim­pi­ya zir­və­si­nə də ucal­dı. Bu, ta­ri­xi ha­di­sə idi. Çün­ki ilk də­fəy­di ki, Azər­bay­can id­man­çı­sı fər­di ya­rış­da qa­lib gə­lir­di. Ümumiyyətlə, həmin dönəmdə adı çəkilən İspaniya şəhəri Hü­sey­no­va düşərli olmuşdu. 1991-ci ildə Barselonada təşkil edilən dünya çempionatında bürünc medal qazanmaqla, olimpiadaya yol açmışdı.

Qeyd olunan Nazimin nailiyyətlərinin bir hissəsidir. Bundan savayı, Avropa çempiontanın 2-qat qızıl (1992-93) və 1-qat gümüş mükafatçısı (1994) olub; 1993-cü ildə Kanadanın Ontario əyalətinin paytaxtı Həmiltonda keçirilmiş planetin ən güclülərinin yarışında 2-ci yer tutub. Məğlub etdikləri rəqibləri arasında həmyerlisi, Belarusdan çıxış edən Natiq Bağırov vəəzəli rəqibi Georgi Va­za­qaş­vi­li də vardı.
1992-ci ildə Parisdə qazandığı uğur əlamətdar olub: ölkə idmanında ilk Avropa çempionu kimi tarixə düşüb. Atlanta-1996-da isə, artıq müstəqil Azərbaycanın olimpiya millisinin kapitanı olaraq bayrağımızı daşıyıb.

13 saniyəyə ülviyyət zirvəsinə

Pekin-2008, 11 avqust. Mükfatlandırma mərasimi. “Neftçi” idman sağlamlıq mərkəzinin yetirməsi Elnur Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Budur, ölkə başçısı özü mükafatın rəmzi olan qızıl medalı idmançımızın boynundan asır. Qürürlu ürək “var millətimin imzası imzalar içində” pıçıldayıb fərəhlənir. Və nəhayət, Azərbaycan himninin sədası ətrafa yayılır. Dediyim o an elə burdan başlayır…
Bəli, bu hissələri anlatmaq mümkün deyil: onu ancaq yaşamalısan. O anı yaşamayanlara, o anda ürəyinin necə həyəcanla döyündüyünü, gözlərinin qürurdan dolduğunu, tüklərinin biz-biz olduğunu hiss etməyənlərə bu hissləri başa salmağın yəqin ki mənası yoxdur.

Görəsən, o an qəhrəmanımızın özünün qəlbindən hansı hisslər keçirmiş. Azərbaycan himni səslənir. Bayaqdan təmkinini itirməyən və əsl qaliblər kimi, həyəcanlı olsa da, ucalığın zirvəsindən aşağı baxan Elnurun gözləri dolur, boşalır. Əlbəttə, fərəhdir onu doluxsunduran. Bəs, o kövrələn çöhrəyə qəfil hopan bu məğrurluq qüdrətini hardan alıb? Hə, bu da həmin fətholunmaz, dərkolunmaz zirvədir. Ordan ancaq yaşayanlar bilər…

“O an hansı hissləri keçirirdin?” ənənəvi sualının heç yeri deyil. Axı, o zirvədə hissiyyat olmur ki, onu danışa, anlada biləsən. Bir də o vaxt ayılırsan ki, musiqi sədası qurtarıb və qəhrəmanın şərəfinə alqışlar qopur. Hansı hissiyyatdan söhbət gedə bilər. Bax, bu qəhrəmanlıq zirvəsidir! Elə bir ülvi zirvə ki, ora qalxanlar bir daha enməz – eynən bayraqlar kimi. Hələliksə, tanış olun qəhrəmanımızla.
Pekin tatamisində keçirdiyi ilk 2 görüşdən sonra onun finala qədər irəliləməsində heç bir şübhə yox idi. Çünki Dirk van Tixelt (Belçika) və Konstantin Semyonov (Belarus) üzərində təmiz qələbələr cüdoçumuzun çox soyuqqanlı, psixoloji və fiziki cəhətdən yüksək hazırlıq səviyyəsində olduğunu üzə çıxardı. 1/4 finalda Kim Çol Su (KXDR) ilə görüşdə hakimlər 54-cü saniyədə onun “ippon”unu qeydə almasalar da, Elnur ruhdan düşməyərək bir qədər sonra növbəti uğurunu gerçəkləşdirdi. Rəqibini çətin vəziyyətə salan gələcək çempion, saxlama fəndi ilə qalib gəldi. Sonra cüdoçumuzun önündə cənublu Əli Malomat da tab gətirə bilmədi.

Və nəhayət, həlledici an – final mərhələsi! Digər tərəf müqabilləri ilə müqayisədə koreyalı Ki Çun Vanq ilə qarşılaşma Elnur üçün daha asan keçdi. O, dünya çempionatında qızıl medalı əldən verib onu Azərbaycan idmanı tarixinə yeni sətirlər yazmaqdan məhrum edən asiyalı tatami ustasına cəmi 13 saniyə içində “ippon dərsi” keçdi.

Mükafatlandırmada Azərbaycan prezidenti İlham Əliyev də onu təbrik etdi. Mərasimdən sonra o, final görüşü başa çatarkən, məhrum edildiyi bir sevinc payını da azarkeşlərlə bölüşdü – Azərbaycan bayrağı ilə salonda dövrə vurdu. Bu da bir azərbaycanlı inadkarlığının nümunəsi.
Finaldan sonra da Elnur bir an içində – özü də hələ dərk qələbənin nə olduğunu dərk etmədiyi qətiyyət, səmimiyyət zirvəsinə çıxdı – bu ana “ülviyyət zirvəsi” deyirlər. Hər şeyin unudulduğu hisslərin bakirəlik anı. Belə oldu, “ülviyyət zirvəsi”nə 13 saniyəlik yol.
Pekində olimpiya zirvəsinə qədər cüdoçumuz 73 kq-da daha 2 uğura yetişib. 2006-cı ildə Finlandiyada Avropa çempionatında qızıl, 1 il sonra Braziliyada dünyanın ən güclülərinin mübarizəsində gümüş medal qazanıb. “Dördillik” ilə bu çəkidə çıxışına vida edən Elnur, 2011-ci ildə İstanbulda keçirilmiş qitə birinciliyində 81 kq-da baş mükafata yiyələnib. London-2012 yay olimpiya oyunlarında komandamızın bayraqdarı olub.

İrəvan fatehi

Odlar yurdunun ümumbəşəri mahiyyəti ilə mütərəqqi düşüncə tərzinin, təfəkkürünün, eləcə də milli-mədəni, sosial-ictimai baxışları birləşdirən olimpizm ideallarında öz yeri və dəsti-xətti var. “Odlar” və “Olimp” sözündə də sanki doğmalıq, bağlılıq var. Homerin rəvayətlərində tanrılar Prometeyi (Zevsin əmisi oğlu) uzaq Qaf dağının zirvəsində zəncirləmişdilər. Niyə məhz orda? Bəlkə, ellinlərin söylədikləri (uydurduqları) Olimp elə Qafqaz sıra dağlarının özüdür? Bu iddia ilə məşhur türkçü yazıçı Lev Qumilyovun azərbaycanlı tələbəsi də çıxıb edib. Üstəlik, skif çarı insanlara odu gətirib. Niyə məhz od? Bu nemətin «İliada»da axey, argiv, danay və ya sonradan bura gəlmiş dorilərlə (indiki yunanlar) heç bir əlaqəsi yoxdur. «Od Allahı» Zevs türk əsatirlərində Qorun özüdür. Sovetlərdə Herakl və ya Koroğlu bildiyimiz, əlində Qoroğludur – Qorun və Qeranın (Hera) oğludur.

Azərbaycan olimpinin zirvəsinə əbədi məkan qazananlardan biri də Elmar Qasımovdur. “Atilla”nın yetirməsiRio-2016-da 2-ci yer tutaraq, cüdo idmanında yeni səhifə açdı. Ağır çəkidə, 100 kq-da final güləşmək Odlar yurdu üçün nadir hadisəydi. Bu, həm də özünütəsdiq sayılırdı. Çünki buna qədər o, bir zirvə fəth etmişdi. 2009-cu ildə İrəvanda keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazandı və onun şərəfinə Ermənistan paytaxtında Azərbaycan himni səsləndirildi. Bundan sonra onu bütün ölkə tanıdı. Fərəhlidir ki, tarixi torpaqlara yollanan 5 cüdoçunun hamısı medalla döndü. Bəli, məşqçilər heyəti hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçmişdilər. Elmarın boğçasında dünya çempionatının bürünc (2017), qitə çempionatlarının gümüş (2014) və bürünc medalları da var (2012).

İlk və yeganə

“İgidlik ondur, doqquzu qaçmaq” məsəlinin həqiqət tarixçəsinə rəğmən, milli kökə bağlılıq güləşin Azərbaycandakı ənənələrini və rolunu zərrə qədər də azaltmayıb. Elə özündə də kəndlərimizdə hər bir valideyn üçün övladının sağlamlığı, qəhrəmanlığı, cəmiyyətə faydalı yetişməsi pəhləvanlıq ruhu, bacarığı ilə ölçülür. Bu, minillərdən bəri torpağı şərqdən qərbə, cənubdan şimala və əksinə, qərbdən şərqə, şimaldan cənuba doğru axınların mərkəzində yerləşən Azərbaycan üçün milli özünüqoruma instinkti olub və belə də qalır.

Ötən onilliyin uğurlardan sonra hər kəsi bir sual düşündürürdü: Azərbaycan cüdosunun qələbələri ötəri təsadüfdür, yoxsa inkişaf qanunauyğunluğu? Elxan Məmmədovun 90 kq-da qazandığı nəticələr ACF-in doğru yolda olmasından xəbər verirdi. 2008-ci ildə Lissabondan gələn “gümüş” müjdəsi şanlı yolun başlanğıcı idi. Növbəti 2 qitə çempionatında əyar aşağı olsa da, o, ruhdan düşmədi. 2010-cu ildə cüdonun vətəni Yaponiyada 3-cü yer tutdu. Bu, ona kifayət etmirdi. Hiss edirdi ki, nəsə dəyişiklik lazım. Millinin yeni avstriyalı baş məşqçisi Peter Zayzenbaxerin tövsiyyəsi ilə çəkisini 100 kq-ma qaldırmaq qərarına gəldi. 2012-ci ildə Bakıda keçirilən mükafat yarışı bu mənada sınaq idi. Çünki zirvəni fəth etmək nə qədər asandırsa, onu qoruyub saxlamaq bir o qədər müşkül vəzifədir. Elxan elə ilk cəhddən üzüağ çıxdı: doğma divarlarda qızıl medala yetişdi. Bu uğuru 1 il sonra paytaxtda “Böyük dəbilqə”də təkrarladı. Elə həmin mövsüm Rio-de-Janeyroda tarix yazdı, Azərbaycan cüdosunda ilk dünya çempionu oldu. Maraqlıdır ki, onun bu zəfəri hələ də yeganədir. “Qızıl sıralaması”nı 2017-ci ildə Varşavada qitənin ən güclülərinin yarışında da gətirdi. 

“Atilla”nın “gümüş oğlanı”

Oğuz türklərinin əfsanəvi və tarixi şəxsiyyəti 200 ildir hansı dövrə bə torpağa aid olduğu araşdırılan, bir zamanlar SSRİ-də “xalq düşməni” kimi qadağan edilən, “gələcəkdən xəbər verən”, “diplomat”, hətta “müqəddəs” adlandırılan Dədə Qorqud. Bəzən isə adı “Qor Qurd” kimi tələffüz edilir. Tədqiqatlara görə, “Dədə Qorqud”dakı boyların bəzisi İslamdan daha qədim dövrə, hətta eramızdan əvvələ aiddir. Dədə Qorqudun qədim oğuzlarda “Günəş ata” olduğunu da ehtimal edilir. Dastanı ilk dəfə alman şərqşünası Fridrix Fon Dits tədqiq edib. O, İstanbuldan Drezdenə apardığı əlyazmadakı “Təpəgöz” boyunu 1815-ci ildə alman dilində dərc etdirir. Onun fikrinə görə, qədim Yunanıstanda yaranmış bir çox mifologi obrazlar “Kitabi-Dədə Qorqud” dastanından qaynaqlanır. O, “Təpəgöz” obrazını Homerin “Odissey” poemasında Polofem obrazından daha qədim olduğunu yazıb.

Bəli, bütün bu sadalananlar Odlar yurduna aid! Tarix saxtakarlığı sevmir. Dözə-dözə nazilsə də, həqiqət üzülməzdir, dözümsüzlük nöqtəsində olsa belə, üzə çıxır. Qədim türklərin bir qolu olan, bizim eranın 4-cü əsrində Avropada böyük hun imperiyası qurmuş məşhur xaqan Atillanın adına ölkəmizdə fəaliyyət göstərən cüdo klubu çoxlu istedadlar bəxş edib. Onlardan biri də Rüstəm Orucovdur. 16 yaşınadək Rusiya federasiyasının İrkutsk vilayətinin Ust-İlimsk şəhərində yaşayan həmyerlimiz, sonra ailəsi ilə doğma vətənə köçüb və məşqlərini “Atilla”da davam etdirib. Onun əsas uğurları da Azərbaycanda olub. Ustalar arasında daim 73 kq-da mübarizə aparıb. Onun qitə çempionatlarında hesabında 1 gümüş (2019) və 4 bürünc (2016 – komanda , 2017, 2020, 2022) medal var. Bu sınaqlarda 1 dəfə fəxri kürsünün zirvəsinə çıxıb, 2016-cı ildə Qazanda. Dünya çempionatlarının 2-qat gümüş mükafatçısıdır.  

Rüstəmin karyerasında ən böyük zəfəri Rio-2016-da qeydə alındı. Avstriyalı mütəxəssis Peter Zayzenbaxer yenidən milliyə dəvt olunmuşdu. Onun yerli məşqçilərlə vəhdəti həmişə uğurlu alınıb. Bu, özünü okeanın o tayında da göstərdi. Cüdoçumuz finala qədər çətinlik çəkmədi. Həlledici tutaşmada onu həmişə çəkindiyi “yapon sindromu” dayandırdı. Syoxey Ono həm də 73 kq-da aşkar dünya öncülüdür.

O qəhrəmanları yetişdirən məşqçilər var

Amma gəlin razılaşaq ki, qəhrəmanlar öz-özünə yaranmır. Onları yetişdirən məşqçilər var. Sovetlərdən bu yana Azərbaycan cüdosunda Zair Məmmədov, Ağayar Axunzadə, Tərlan Həsənov, Əli Dərvişov, Fərhad və Əhməddin Rəcəblilər, Hacıağa Hacıəhmədov, Ruzbek Vəliyev, Tərlan Poladov, Elçin İsmayılov, İbadulla Şahbanov və Fərhad Məmmədov bacarıqlı çalışdırıcılar var. Sevindiricidir ki, onların hamısı həyatdadır. Allah onlara can-sağlı versin. 

Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Digər yandan, olimpiya uğurları tək zəfər anı deyil. Bu, hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla inkişaf səviyyəsinin göstəricisidir. Bu uğurların imtahan məqamı 2024-cü ildə qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, Paris oyunları deyəcək. Demək, hələ görüləsi işlər də var, fəth olunası yeni zirvələr də.

Kamran HACI
Azərbaycan cüdo federasiyasının elan etdiyi yazı müsabiqəsi üçün
Mövzu: Azərbaycanın cüdo qəhrəmanları

Həmin kateqoriyadan