- Baxış sayı: 58
- 10 Dekabr 2025 21:17
- Baxış sayı: 70
- Dekabr 11, 2025
- 0

Bu həftə ümumdünya antidopinq agentliyinin (VADA) nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Allsport.az xəbər verir ki, səfərin məqsədi 2026-cı il martın 18-19-da VADA-nın Bakıda keçiriləcək Avropa üzrə regional simpoziuma hazırlıq işləri ilə tanışlıq xarakteri daşıyıb. Simpozium gənclər və idman nazirliyi ilə Azərbaycan milli antidopinq agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə baş tutacaq.
VADA 2026-cı ildə dörd regional simpozium keçirəcək və Avropa üzrə tədbir məhz Bakıda reallaşacaq. Bu simpoziumlar 2027-ci il ümumdünya antidopinq məcəlləsinin və beynəlxalq standartların tətbiqinə hazırlıq mərhələsində regional tərəfdaşların ehtiyac və çağırışlarını nəzərə almaq məqsədilə təşkil olunacaq. Yeni məcəllə və standartlar 2025-ci ilin dekabr ayında Koreya respublikasının Busan şəhərində keçiriləcək idmanda dopinqlə mübarizə üzrə ümumdünya konfransında təsdiqlənəcək və 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
VADA-nın nümayəndə heyətində ali antidopinq qurumunun Avropa ofisinin və idman hərəkatı ilə əlaqələr departamentinin direktoru Sebastien Gillot və tədbirlərin idarə olunması üzrə menecer Riziero Pisani yer alıblar. Nümayəndə heyəti Bakıda simpoziumun keçiriləcəyi məkan və digər infrastruktur obyektlərinə baxış keçirib.
Sebastien Gillot hazırlıq işlərinin yüksək səviyyədə və razılaşdırılmış plana uyğun şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 2026-cı ildə Avropa üzrə regional simpoziumun Bakıda keçirilməsi həm VADA, həm də Azərbaycan idman ictimaiyyəti üçün əlamətdar hadisə olacaq.
Riziero Pisani qeyd edib ki, simpoziumun AMADA-nın fəaliyyətinin 10 illiyi ərəfəsində keçirilməsi agentliyin VADA ilə uzunmüddətli əməkdaşlığını və regionda antidopinq təşəbbüslərinin gücləndirilməsinə sadiqliyini nümayiş etdirir. Nümayəndə heyəti AMADA-nın simpoziumun təşkilindəki rolunu yüksək qiymətləndirib, Azərbaycanın beynəlxalq miqyaslı tədbirləri peşəkar və mükəmməl şəkildə təşkil etmək bacarığını xüsusilə vurğulayıb.