“Xəzər Lənkəran”da 6-cı gənc və yubilyarlar

Topaz Premyer Liqasının 14-cü turunun “Zirə” ilə səfər oyununda “Xəzər Lənkəran” məğlub olsa da (0:1), bu matç həm debüt, həm də yubileylərlə yadda qaldı. Allsport.az xəbər verir ki, qarşılaşmanın gedişində meydana daxil olan Namiq Qocayev karyerasında ilk dəfə rəsmi matçda əsas komandanın formasını geyindi.

O, klubunun tarixinə 195-ci futbolçu kimi düşüb. Qocayev milliləşənlər də nəzərə alınmaqla 112 legionerə güvənən komandanın 83-cü yerli futbolçusu olub. Gənc futbolçu Premyer Liqada “Xəzər Lənkəran” forması geyinən 188-ci oyunçudur.

Qocayev “Xəzər Lənkəran”da 17 yaş 348 günlüyündə debüt edib. O, klub tarixinin 6-cı gənc (18 yaşdan aşağı) oyunçusudur. Bu göstəricidə rekord Elnur Cəfərova məxsusdur – 15 yaş 321 gün. Kazım Kazımlı 16 yaş 67 günlük, Fikrət Ulduzlu 16 yaş 237, Rahid Əmirquliyev 16 yaş 344 günlük, Kamran Abdullazadə 17 yaş 144 günlük olarkən bu komandada rəsmi matça çıxıb.

18 yaşı tamam olmamış “Xəzər Lənkəran”da debüt edən 6 oyunçudan biri olan Əmirquliyev isə komandasının heyətində 250-ci çempionat görüşünə çıxıb. “Ağ-yaşıllar”ın formasında ümumilikdə 315-ci oyununu keçirən kapitan “Zirə”ylə matçda çempionat oyunlarını 250-yə çatdırıb. Əvvəllər “Şahdağ”da çıxış edən yarımmüdafiəçi ümumilikdə Premyer Liqada 306 oyun keçirib.

14-cü turun oyunu baş məşqçi Yunis Hüseynov üçün də əlamətdar olub. O, baş məşqçi karyerasında 200-cü Premyer Liqa görüşündə iştirak edib. Təcrübəli mütəxəssis bu matçların 35-ni “ağ-yaşıllar”ın “sükanı arxasında” keçirib. Ümumilikdə isə Hüseynov bu komandanı 40 oyuna çıxarıb.

Həmin kateqoriyadan