XİN Mxitaryanın Azərbaycana buraxılması məsələsinə münasibət bildirdi

“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idmanla siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir”. Allsport.az xəbər verir ki, bunu Almaniyanın “Borussiya” (Dortmund) komandasının futbol üzrə Avropa Liqasının qrup mərhələsində iştirakla əlaqədar Azərbaycana səfərinə dair KİV-in sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, qeyd edib ki, son 10 ildə Azərbaycanda 300-dən artıq beynəlxalq xarakterli müxtəlif idman yarışı keçirilib: “Bunların sırasında London olimpiadasına lisenziya xarakterli gənclər arasında boks üzrə 3-cü dünya çempionatı, sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı, boks üzrə XVI dünya çempionatı, cüdo üzrə “World Masters” beynəlxalq turniri, eləcə də “Grand-Prix” və “Grand-Slam” yarışlarını, habelə bədii gimnastika üzrə Avropa çempionatlarını, Atıcılıq üzrə Qəbələ Beynəlxalq turniri və başqalarını göstərmək olar. Yalnız son beş ildə Azərbaycanın ev sahibliyi etdiyi bu kimi mötəbər idman yarışlarında və ölkəmizdə uğurla keçirilmiş birinci Avropa Oyunlarında Ermənistandan və əslən erməni olaraq digər ölkələri təmsil edən 100-dən artıq idmançı iştirak edib”.

H.Hacıyev bildirib ki, qarşıdan gələn illərdə də ölkəmizdə bir sıra mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulub: “Çox sevindirici haldır ki, Avropa Liqasının qrup mərhələsinə ölkəmizin futbol klubları da vəsiqə qazanıblar. Bu kimi yarışlarda iştirak edərək hər bir dövlət UEFA-nın müəyyən etdiyi ümumi qaydalardan çıxış edir və bu qaydalar əsasında oyunlara ev sahibliyi edir. Futbol idman növünün xarakterik xüsusiyyətlərindən biri onun komanda formasında olmasıdır. Burada ayrı-ayrı fərdlər deyil, ümumi komanda yanaşması əsas götürülür. Oyunlardan asılı olaraq, “Borussiya” klubunun da Azərbaycana səfəri ayrı-ayrı fərdlərin deyil, komandanın səfəri xarakteri daşıya bilər”.

XİN rəsmisi deyib ki, idmanla siyasət arasında müəyyən ümumi cəhətlərin olmasına baxmayaraq, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idmanla siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir: “Arzuolunmaz şəxslər siyahısına gəldikdə isə burada bir hal fərdi qaydada nəzərdən keçirilir”.

Qeyd edək ki, “Borussiya”nın heyətində Ermənistan futbolçusu Henrik Mxitaryan da iştirak edir.

Həmin kateqoriyadan