Yenə rəhm etmir gül bülbülə, Tahir Gözəlsə xalqın “Neftçi”sinə

Çərşənbə günündə, çələng başında, “kəhər atlar”ın gözü “qartallar”a düşdü. Atdı müjgan oxun keçdi sinəsindən, cadu qəmzələri “ağ-qaralar”a düşdü. Bəli, “Qarabağ”, qalib klubların zirvə yarışmasında yenə meydan sulayır, böyük ölçüdə özündə olmayan güclü rəqiblərə başağrı verir, quyudan çıxmağa çalışanların başından geri basır. Futbolçular çox istəklidirlər, tarixi imkanı qaşırmaq istəmirlər. Rəhbərlik də məmnundur, baş məşqçi onları hədsiz qazandırır. Bir sözlə, iştah diş altındadır. O qədər ki, durmadan axan paradan doymayıb yenə “Neftçi” idman klubunun Suraxanıda yerləşən bazasına göz dikib. Yenə rəhm etmir gül bülbülə, Tahir Gözəlsə xalqın “Neftçi”sinə. Maşallah, elə fürsətcil ki, “Ayntrax”la oyun bitər-bitməz, KİV nümayəndələri ilə söhbətdə, təzədən həmin mövzuya qayıdıb. Halbuki idmanda ən üst qatda, “Qarabağ”ın azarkeşi olduğu gənclər və idman naziri Fərid Qayıbovun bacarmadığı bu məsələ demək olar qapanıb!

Ümumiyyətlə, Ağdam klubunun başqanı son dövrdə siyasətdə daha uzağa gedib. Ötən il 5 sentyabrda “Azərsun arena”da “Qarabağ”ın “Deloitte” şirkəti arasında tərəfdaşlıq müqaviləsindən sonra idman yazarları ilə ayaqüstü dəyirmi çay masası arxasında söhbətdə, dövlətin onlara uyğun torpaq yeri vermədiyindən, vergilərin çoxluğundan və klublara güzəştlərin olmadığından gileylənib. Unudur ki, illərdir “Qarabağ” özü üçün oynayır və artıq o səviyyəyə gəlib ki, indi baş hamisi “Azərsun”a himayədarlıq edir. Xalq olaraq tək qazancımız “Qarabağ”ın yanında “Azərbaycan” kəlməsidir. Belə deyə bilmərik ki, heyətin yarısı “Qarabağ”dan təşkil olunan millimiz nə vaxtsa Avropa və dünya çempionatlarının ələməsində uğurlu çıxış edib, bu klub avrokuboklarda ölkənin əmsalını yüksəldib və sairə. Yeri gəlmişkən, əvvəllər konfrans liqasında 2-ci təsnifatdan başlamışdıqsa, 2026/27 mövsümündə 2 komandamızdan 1-i ilk turdan start götürməli olacaq. Eyni aqibət Azərbaycan çempionatında 3-cü və ya 4-cü olan komandanı (əgər ölkə kubokunu premyer liqada ilk 3 yerdə qərarlaşan klub qazanarsa) gözləyir.

Bir gül ilə bahar olmur: yaz, elə şəhərdə də yazdır. Ola bilsin, “Qarabağ”ın rəhbərliyi üçün Tofiq İsmayılov heç kimdir, amma Azərbaycan üçün bir dəyərdir! Elə onun adını daşıdığı məkan da! “Neftçi” idman klubu hələ sovetlər dövründə Heydər Əliyevin böyük diqqət və qayğını görüb. Böyük öndər bu və ya digər şəkildə idmançılara dəstək verərək, onların SSRİ ərazisində keçirilən müxtəlif yarışlarda iştirak etməsinə, eləcə də daha yaxşı hazırlığı olanların ittifaq yığmasının heyətində olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında çıxışına yardım göstərib.

Müstəqillikdə, yenidən Azərbaycan prezidenti seçilən Heydər Əliyev ölkə idmanının inkişafında növbəti addımlar atıb. 1997-ci ildə “Neftçi” idman klubunun 60 illik yubileyi münasibəti ilə Suraxanı qəsəbəsində Tofiq İsmayılov adına olimpiya idman-təlim kompleksinə təşrif buyuraraq, orada məşqçi-müəllimlər və idmançılarla görüşüb, onlara hərtərəfli qayğı göstərib. Nəzərinizə çatdırım ki, bu bazanın 12,5 hektar əraziyə malikdir. Orada 4 inzibati bina, 6 idman zalı, 2 minifutbol və 1 basketbol meydançası var. Jurnalist fəaliyyətimin ilk illərində, hardasa 24-25 il öncə, siftə bu qurğu ilə tanış olanda, çox bəyənmişdim. Ağaclıq, bağ-bağat, quşların nəğməsi, daş döşəmə, hovuz, səliqə-sahman adamın idmana həvəsini bir-beş artırırdı.

Elə o dövrdə bazanın bir hissəsəni – böyük futbol meydanı olan tərəfi “Qarabağ”a vermişdilər. Klub təzə-təzə dirilirdi. “Azərsun”un gəlişi ümidləri xeyli artırmışdı. Əvvəllər komandanın yanında şirkətin adı getsə də, sonradan o götürüldü. Ona qədər “kəhər atlar” keşməkeşli yol keçmişdilər. Ağdamın ardından, onun futbol təmsilçisi də dağılmışdı. Bu zaman vətənpərvər, idmanda olan imkanlı ağdamlılar önə çıxaraq doğma komandalarını məhv olmağa imkan vermədilər. Hazırda güləş federasiyasının baş əlaqələndiricisi olan Elçin Cəfərov fəxri prezident, sambo federasiyasının indiki rəhbəriCeyhun Məmmədov prezident, klubun hücumçusu Cavanşir Novruzov baş məşqçi oldular. Həmin vaxtı adı ilk çəkilən mütəxəssisin futbola dəstəyi ilk deyildi. 1994-cü ildə UEFA-ya üzvlük üçün 500 dolları Elçin Cəfərov öz cibindən ödəmişdi. AFFA-da o dövrdə çalışan Ramiz Mustafayev buna canlı şahiddir. Yoxsa, Azərbaycan futbolu bir neçə il gözləməli, beynəlxalq aləmdən yenə təcrid qalacaqdı.


Bildiyim qədər, kompleksdə 34 işçi, 27 məşqçi-müəllim çalışır. Orada 9 idman növü üzrə (yunan-Roma güləşi, ağırlıqqaldırma, boks, futbol, güllə atıcılığı, qılıncoynatma, cüdo, sambo, kikboksinq) 622 idmançı (484 nəfər təkmübarizlik idman növləri üzrə, 138 nəfər futbolçu) fəaliyyət göstərir. Gündəlik hərəkətlilik orta hesabla 250 nəfərdən ibarətdir. Bundan əlavə, orada yüzlərlə neft, qaz və kimya sənayesi işçiləri bədən tərbiyəsi və idmanla məşğul olurlar. Bu idman ocağında zaman-zaman tanınmış məşqçilər işləyib və çoxsaylı məşhur, hətta dünya şöhrətli idmançılar (olimpiya, dünya, Avropa çempionları və mükafatçıları) yetişib. Yunan-Roma güləşində Fərid Mansurov, Rövşən Bayramov, Ülvü Qənizadə, Arif Niftullayev, Elmir Əliyev, Kənan Abdullazadə, Qurban Məcnunov, Nihad Quluzadə, Sakit Quliyev, boksda Vüqar Ələkbərov, cüdoda Elxan Məmmədov, Leyla Əliyeva, Aydan Vəliyeva, qılınconaymada Sevil və Sevinc Bünyatovalar, ağırlıqqaldırmada İntiqam Zairov, güllə atıcılığında Leyli Əliyeva, İmran Qarayev; paracüdoda Sevda Vəliyeva, Afaq Sultanova, paraatletikada Oluxan Musayev, Hüseyn Həsənov məhz bu idman kompleksinin yetirmələridir və ənənə bu gün də uğurla davam etdirilir.

Ümummilli lider kimi, onun layiqli davamçısı İlham Əliyev də hər zaman “Neftçi” idman klubunun üzvlərinə diqqət göstərmiş, onları mükafatlandırmış və təltif etmişdir. Ölkə başçısı “Qarabağ” üçün də az etməyib. Bir neçə dəfə prezidentin ehtiyat fondundan kluba pul mükafatı ayırırıb, Suraxanıda yerləşən həmin stadionun ətrafında futbol bazasının yaradılmasına kömək olub. “Qarabağ” çempionlar liqasında növbəti mərhələyə adlayarsa, çox güman, İlham Əliyev yenə klub üzvlərini qəbul edəcək. Zənnimcə, həmin görüşdə son fürsət kimi rəhbərlik bu məsələyə toxunacaq. Təbii ki, o da öncədən məqsədəuyğun sayılarsa…

Zaman amansızdır və onun hər anının öz hökmü var. Onu yaşatmağa cəhd göstərən tarixsə bütün elmlərin ən subyektividir. Çünki zamandan savayı hər bir hadisə həm də onu tarixə həkk edənin “rəngkarlıq”ının, onun dünyagörüşünün, maraqlarının, baxışınının süzgəcindən keçir. Hər şeyə rəğmən tarix yaşayır, yaşadır. İndi belə çıxır, SSRİ-dən sonra dağılan bir çox idman infrastrukturun fonunda indiyədək salamat qalan və idmana böyük töhfə verən tək-tük bazalardan biri olan Tofiq İsmayılov adına olimpiya idman-təlim mərkəzini də Tahir Gözəl tarixə qovuşdurmaq istəyindədir? Məncə, “Qarabağ” bir layihə idi, dövlət layihəsi, zamanla dövrünü qapadıb yerini Zəngəzur dəhlizinə verəcək. Çünki indi yol  qurdlarındır, fərqi yoxdur rəngi hansıdır, əsas odur “dəmir yumruq” yanıyca gəlir. Bir yandan da üfiqdə “Sabah” görünür. O sabah ki, futbol indi onu idarə edənlərin əlindədir. Çempionluq, yenidən xəyal ediləcək mənzərə ilə üz-üzədir. Vaxtı ilə “Neftçi”ni dayandıran Ramin Musayev səhnədə yoxdur. İllərdir arxada dağ kimi dayanan PFL də ola bilsin son mövsümünü yaşayır.
Elə “Qarabağ” da camiyə olaraq öncə tanıdığımız deyil. Klubun ilk sahibi rəhmətlik Abdulbari Gözəlin xeyirxahlıq ənənəsi onunla birlikdə dəfn olunub. Arıları artıq qarpızın üzərinə qonmağa imkan vermirlər. İllərin dostluğunu bir sifarişli zənglə bitirirlər.

Bəli, zaman və dünya dəyişir. Amma bu məkan içi və bu müddət ərzində insanın dəyər meyarlarında nə dəyişdi ki? Dünyanın quruluşunu təyin etməyə çalışan Heraklit və gerçəkliyin obyektiv xassəsini arayan Aristoteldən tutmuş “eşqdir mehrabı uca göylərin. Eşqsiz, ey dünya nədir dəyərin?!” – deyən Nizamidən, bəlayi eşqə aşina Füzulidən, “dünyanı xilas edəcək” dəyəri axtaran Servantes və bunu müəyyən edən Dostoyevskidən, insanda hər şeyin təzahürünə qiymət kəsən Çexovdan, cəmiyyəti dirildən Tolstoydan sonra axtarışlarımızın mahiyyətində nə dəyişdi ki?! Zaman-zaman ideallarımıza don geyindirdik, amma mahiyyət eyni olaraq qaldı. İndi ən yaxşısı, bu iddiadan birdəfələlik əl çəkilsin, “Qarabağ” qaldığı yerdən davam eləsin və klub futbolunda ölkədə və yaxın ətrafda görünməmiş uğura yetisin. Bunun üçün uzun yol keçib, zəfərə də haqq edir…

Kamran HACI

Həmin kateqoriyadan