Yunis Hüseynov: “Kəpəz”in 1-ci divizionda iştirakı da sual altındadır

Premyer liqada ötən mövsümü 8-ci pillədə başa vuran “Kəpəz”də qeyri-müəyyənlik davam edir. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Yunis Hüseynovun sportinfo.az-a bildirdiyinə görə, onların 1-ci divizionda iştirakı da sual altındadır:

“Mən yaxınlarda “Kəpəz” rəhbərliyi və Gəncənin icra başçısı Elmar Vəliyevlə görüşəcəyəm. Onlarla sonuncu dəfə söhbət etmədən gələcəyimlə bağlı nəsə demək istəmirəm. Bu görüşdə hər şey məlum olacaq. “Kəpəz”in premyer liqaya qaytarılmasına artıq qətiyyən inanmıram. Day bu qədər də olmaz… AFFA gələn mövsüm çempionatda 8 komandanın çıxış edəcəyini açıqlayıb.

Onların arasında “Kəpəz”in adı yoxdur və çətin ki, AFFA bu qərarını dəyişə. Divizionda işləmək istəmədiyimi dəfələrlə demişəm. Ora mənim üçün çətin olar. “Kəpəz”lə bağlı hansı qərarların veriləcəyi özümə də qaranlıqdır. Mənə də maraqlıdır ki, görəsən, klub yaşayacaq, yoxsa yaşamayacaq? Çünki bu gün bu söhbət də var. Hər şey ola bilər. Deyə bilmərəm ki, “Kəpəz”in fəaliyyətini davam etdirmək ehtimalı nə qədərdi? Bunun üçün klub rəhbərliyi ilə danışmalı və özümə aid qərarı verməliyəm”.

Həmin kateqoriyadan