- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 7-ci “Zirvə” beynəlxalq uşaq oyunlarında atletika yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Xırdalanda AAAF parkın mərkəzi meydançalarında ölkənin müxtəlif region və şəhərlərindən gələn uşaqların iştirakı ilə keçirilən turnir çox maraqlı və şən əhval-ruhiyyə ilə müşayiət olunub.
60-dan çox uşağın qatıldığı yarışmada iştirakçılar medal mübarizəsi aparmaqla yanaşı, xoş vaxt keçirdilər, əyləndilər. Ümumiyyətlə, uşaq atletikası yarışlarının təşkilində məqsəd uşaqları idmana cəlb etmək, onlarda maraq oyadaraq idmanı ilk fikir kimi əyləncə olaraq təqdim etməkdir. Bu yarışlarda uğur qazanan uşaqlar istənilən növ üzrə məşqlərə hazır olurlar.
Uşaqlarda əsasən fiziki keyfiyyətlər – sürət, güc hazırlığı, dözümlülük, cəldlik və çeviklik inkişaf etdirilir. Qaydalara görə, uşaq atletikası 7-8, 9-10 və 11-12 yaşlı uşaqlar arasında keçirilir. Qaçış-sprint, tullanma və atış olmaqla 3 yarış qrupuna bölünməklə qaliblərin komanda şəklində müəyyən edilməsi də yarışa maraq qatır.
10 komandanın qüvvəsini sınadığı yarışlarda uşaqlar proqrama uyğun olaraq top və nizə atma, sədlərlə estafet, çarpaz tullanma və ip atma kimi növlərdə fərqlənməyə çalışdılar. 30 metr məsafəyə qaçış yarışları xüsusi diqqətlə izlənilirdi. Burada qızlarda Zəhra Heydərli finiş xəttinə bütün rəqiblərindən öncə çataraq qızıl medala sahib çıxdı. Gümüş medal Röya Quliyeva, bürünc idə Semiha Qurbana qismət oldu.
Oğlanlarda isə bu məsafədə Amin Yaqubov qələbə qazandı. Sonrakı yerləri müvafiq olaraq Mətləb İmanov və Xəyal Qədimov tutdular. Komanda yarışında isə qızıl medalçı adına Nizami rayonu 251 nömrəli məktəb layiq görüldü. İkinci yerdə “Çempionlar”, üçüncü yerdə isə “Mübarizlər” qərarlaşdılar.
Mükafat qazanan idmançılara medal, diplom və xatirə hədiyyələri təqdim olundu.