Zaur Ramazanov “Neftçi”nin icraçı direktorunu təhqir edib

Ağabala Ramazanovun “İnter”dən ayrılıb “Neftçi”yə yox, “Qarabağ”a klubuna keçməsi idman ictimaiyyyətində xeyli söz-söhbətə səbəb olub. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın icraçı direktoru Orxan Hüseynzadə onun bu addımına belə münasibət bildirib: “Futbolçu belə davranmalı deyil. Bizim təklifimizi Ağabala qəbul etmişdi. Son anda bizə heç də demədən “Qarabağ”a getdi. Digər tərəfdən, biz buna şadıq ki, Ramazanov “Qarabağ”ı seçib. Belə xarakterə sahib futbolçu “Neftçi”yə lazım deyil”.

“Futbol+” qəzetinə açıqlama verən Zaur Ramazanov “Neftçi”nin icraçı direktoruna sərt ismarıc göndərib. Ağabalanın qardaşı ve meneceri sayılan ünlü futbolçu onu təhqir etməkdən belə çəkinməyib: “Neftçi” və “Qarabağ” mənimlə əlaqə saxladı. Qardaşımla söhbət etdim. Ağabala “Qarabağ”da oynamaq istədiyini dedi. Qardaşım nə edib ki, “Neftçi”nin icraçı-direktoru Orxan Hüseynzadə belə açıqlama verib? Yaxşı olardı ki, Orxan kimilər ağzının qatığını dağıtmayaydı. Ağabala “Neftçi”də olanda, Orxan kim idi? O kimdir ki Ağabala haqda belə fikirlər səsləndirir? Sözü varsa, mənə zəng vurub deyəydi.

Ümumiyyətlə, son vaxtlar Azərbaycan futbolunda elə adamlar vəzifəyə gətiriliblər ki, heç birlmirlər, futbolda əsas heyətdə neçə nəfər meydana çıxır. Yalandan gündə özünə müəllim deyən biri ortaya çıxır və ağzına gələni danışır. Ona görə bu gündəyik. Orxan və onun kimilər unutmasınlar ki, dəvəquşu kimi başlarını torpağın altına soxsalar da, dalları çöldədi. Heç olmasa, ayıblarına kor olsunlar”.

 

Həmin kateqoriyadan