“Ədalətli nəticə heç-heçə idi”

“Qarabağ” premyer liqasının 13-cü turunda səfərdə iddialı “Zirə”yə 3:2 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov qələbəyə belə şərh verib:

“Rəşad Sadıqovu təbrik edirəm. Maraqlı komandası var. Hər rəqibə qarşı fərqli oynayır. Onun idman prinsipləri futbolçu kimi necədirsə, məşqçi kimi də elədir. Özü hər zaman oyunçu olanda cavanları məşqdə özü üçün seçirdi. Bu gün futbolçular əziyyət çəkdilər. Rəşad məşqçi olandan sonra çempionatda aqressiya çoxalıb.

Onun futbolçu kimi böyük faydası olub, düşünürəm ki, məşqçi kimi də elə olacaq. Öz futbolçularımı da təbrik edirəm. Bizim üçün də əsəbi oyun idi. Zubir kimi oyunçu sarı vərəqə aldı. Tələbim o idi ki, hamı səbrli olsun. Oyunun gedişatında nəticəni düşünmürdüm, qarşılaşmadan həzz alırdım. Mübarizə, sürətli hücum, maraqlı oyun alındı.

Bəlkə də ədalətli nəticə heç-heçə idi. Bu matç hamı üçün böyük təcrübə olacaq. Futbolçular da istirahətə yollanacaq. Ümid edirəm ki, pandemiya bitsin, belə oyunlarda azarkeşlər olsun. Bütün komandalardakı baş məşqçilər rəqabəti sevirlər. Hər birinə uğurlar arzulayıram”.

İdrak CAMALBƏYLİ

Həmin kateqoriyadan