FOTO
2-ci Vətən müharibəsi şəhidlərinin xatirəsinə ağacəkmə

Ölkəmizdə Formula-1 yarışının təşkilatçısı Bakı şəhər halqası əməliyyat şirkəti 2-ci Vətən müharibə zamanı şəhid olanların əziz xatirəsini əbədiləşdirmək üçün, bu gün paytaxtın müxtəlif yerlərində ağacəkmə tədbiri keçirib.

Allsport.az saytı xəbər verir ki, şirkətin işçi heyəti, marşal və könüllülərindən ibarət bütün kollektivin iştirak etdiyi aksiyaya Su idmanı sarayının yaxınlığında start verilib. Xüsusi ayrılmış bu yerdə çox sayda ağac əkən aksiya iştirakçıları sonra Bakı olimpiya stadionuna yollanıblar. Burada onlara AFFA könüllüləri qoşulub.

İştirakçılar hər iki məkanda ümumilikdə 321 ağac əkiblər. Şəhidlərimizin əziz xatirəsinin qeyd olunduğu xatirə lövhəsi də quraşdırılıb. Əməliyyat şirkətindən bildiriblər ki, şəhidlərimiz arasında 1 nəfər Bakı şəhər halqasının könüllüsü də olub və əkilən ağaclar idman ictimaiyyətinin 321 şəhidinin simasında bütün şəhidlərimizə həsr olunub.

Tədbirə qoşulanlar Vətən uğrunda canından keçmiş qəhrəman əsgərlərimizin hörmətini hər bir müstəvidə daim əziz və uca tutacaqlarını bildiriblər. Qeyd olunub ki, şəhidlərimizin fədakarlığı əvəzsizdir, onlara özümüzü sonsuzadək borclu bilirik və onların bizim üçün etdiklərini heç vaxt unutmayacağıq.

Bütün şəhidlərimizin ruhları şad olsun!

Həmin kateqoriyadan