4-cü milli yaylaq festivalı

Avqustun 16-da Göygöl rayonunda IV milli yaylaq festivalının açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, açılışda Göygöl rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev, dünya etnoidman konfederasiyasının prezidenti Bilal Ərdoğan, gənclər və idman naziri Fərid Qayıbov, “Cavad xan” tarix və mədəniyyət fondunun prezidenti Müzadil Həsənov çıxış ediblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Tədbir çərçivəsində milli musiqilər səsləndirilib, müxtəlif rəqs nümunələri nümayiş olunub.

Üç gün davam edən festival çərçivəsində Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Burada müxtəlif etnoidman növlərinə aid xüsusi sahələrdə idmançıların maraqlı çıxışları nümayiş etdirilir. 

Bundan əlavə, tədbir çərçivəsində idman zonasında gənclər və idman nazirliyi tərəfindən təşkil olunan səyyar “Sağlam həyat” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq müxtəlif idman növlərində öz bacarıqlarını sınayaraq faydalı və əyləncəli vaxt keçiriblər.

4-cü milli yaylaq festivalı “Cavad xan” tarix və mədəniyyət fondunun təşkilatçılığı, gənclər və idman nazirliyi, Bakı şəhər halqası əməliyyat şirkəti, eləcə də digər dövlət və özəl qurumların dəstəyi ilə keçirilir.

Həmin kateqoriyadan