ACF-in mühasibi prokurorluğa çağırılıb? Ölkə idmanında qalmaqal və gərginlik davam edir

Azərbaycan cüdo federasiyasında qalmaqal bitmək bilmir. Biri qurtarmamış, digəri başlayır. Paris-2024 yay olimpiya oyunlarında qazanılan 2 qızıl medal yeni rəhbərliyi (icraçı) çox arxayın salıb. O üzdən rəhm etmədən, aman bilmədən ACF prezidenti Rəşad Nəbiyevə heç də hər zaman düzgün, şəxsi zəminsiz və qərəzsiz bilgilər vermirlər. Bunun nəticəsində dəhşətli hadisələr baş verir, şikayətlər sıraya düzülür, idmançılar KİV vasitəsi ilə kömək istəyir; narazılar, hüququ pozulanlar müqavimət hərəkatı yaradır. Azərbaycan cüdosunda müxalifət bu tərzdə olmasa da, lap öncə də vardı. Amma Rövnəq Abdullayev – Sadıq Sadıqov – Elmar Babanlı komandası ACF-də iş başına keçən kimi buna son qoydu; onları aşağılayıb, sındırıb, əzib məhv etməklə deyil, sülhlə, əl uzatmaqla durumu tənzimlədi.

Bayaq dediyim kimi, giley-güzar çox olduğu və silsilə hal aldığından, bu gün birinə toxunacağam, birindən bəhs edəcəyəm – Musa Hüseynlidən.O, başına gələnləri KİV-lərə danışıb. Danışmadığını mən dilə gətirmək istəyirəm. 27 yaşlı cüdoçu 14 ildir bu sənətlə məşğul olur. 2022-ci ildə Bakı idman sarayında keçirilmiş ölkə çempionatında 90 kq-da 3-cü yer tutub. Bundan sonra ona qapılar açılıb, millinin üzvü kimi federasiyadan hər ay maaş alıb, beynəlxalq turnirlərə yollanıb. Uğurları olmasa da, 2024-cü ildə Tatarıstan paytaxtı Qazanda təşkil olunan BRİCS oyunlarında bürünc medal qazanıb. Amma bu cüdo yarışı BCF-in təqvimində yer almayıb.

Musa evdə tək işlədiyindən, 300 manatın ailəsinin maddi durumunu qarşılamadığından, millinin məşqlərindən sonra “Volt” çatdırılma şirkətində çalışdığından, artıq yüklənmənin hazırlığına mənfi təsir göstərdiyindən, qələt edib baş katib Rəşad Rəsulluya maaşının artırılmasını istəyib. “Yox” cavabı alandan sonra, digərlərində olduğu kimi qapılar bir-bir idmançının üzünə bağlanmağa başlayıb. Aztəminatlı ailə olduğu üçün, o, aprel ayında sosial yardıma müraciət edib. Həmin vaxt bilib ki, 6-aylıq məvacibi “oğurlanıb”. Yəni, 2024-cü ilin noyabr ayından, bu ilin aprelinə qədər olan 1800 manat kartına köçürülməyib. Bununla bağlı “Azərpoçt”dan müvafiq rəsmi sənəd də alıb.

27 yaşlı cüdoçuya maaşının kəsilmə səbəbi Azərbaycan kubokunda fərqlənməməsi göstəririb. ACF-in açıqlamasında da nəticənin olmaması vurğulanıb. Hüseynlinin sözünə görə, bəzi idmançılar da medal qazanmayıblar, amma onların maaşı kəsilməyib və iddia edir ki, əsl səbəb, Rəşad Rəsulludan maaşının artırılmasını istəməyi olub. Bu azmış kimi, KİV ilə təmasdan sonra, ona radikal dini qruplaşmanın üzvü damğası vurulub. Əgər belədirsə, ACF niyə vaxtında tədbir görməyib? Musanın saqqalının daha çox uzanmasını gözləyib?

Allsport.az saytının əldə etdiyi məlumata görə, titullu idmançı ona çatmalı olan vəsaitə yiyələnmək üçün Nərimanov rayon prokurorluğuna şikayət ünvanlayıb. ACF həmin ərazidə yerləşir – keçmiş “Neftçibaza” – gənclər və idman nazirliyinin tabeliyindəki Olimpiya növləri üzrə milli komandalar üçün təlim-məşq mərkəzində. Aidiyyatı qurumdan hələ cavab gəlməyib. Hüseynli açıqlamasında bildirib ki, cüdo federasiyasının rəhbərliyi hansısa maliyyə sənədinə imza atmaq üçün ona təzyiq göstərir. Deyirlər, qol çəkməsə, bir qəpik də almayacaq. Musa qarşı tərəfə güvənmədiyindən, buna razı olmayıb. Yayılan söz-söhbətə görə, məsələ ilə bağlı ACF-in mühasibi Könül Ələkbərova (ədəb-ərkan baxımından şəklini yerləşdirmədik – red) prokurorluğa çağırılıb. Cüdo federasiyasında Arif adlı məsul şəxs idmançıya deyib ki, əgər həmin sənədə imza atmazsa, iş adı çəkilən qadın əməkdaşın üzərində qalacaq. ACF, ona ünvanlanan sorğuda 6 ay ərzində bağlanmayan əmək kitabçasına və ödənilməyən 1800 manat vəsaitə rəsmi aydınlıq gətirməyib.

Kamran HACI

Həmin kateqoriyadan