ADK və AAF arasında anlaşma memorandumu

Azərbaycan deflimpiya komitəsi (ADK) və Azərbaycan atıcılıq federasiyası (AAF) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Allsport.az xəbər verir ki, görüşdə ADK-nın baş katibi Namiq Novruzov, idarə heyətinin üzvü Sahib Gülməmmədov, idman şöbəsinin əməkdaşı Asxab Kalayev, AAF-nın vitse-prezidentləri Zemfira Meftahətdinova, Tofiq Bəylərov, baş katibi Emin Cəfərov və güllə atıcılığı üzrə millinin baş məşqçi İradə Aşumova iştirak ediblər.

Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya Hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişaf üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Öncə Novruzov beynəlxalq deflimpiya hərəkatı və beynəlxalq karlar idman komitəsi barədə ümumi məlumat verib. O, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb olunmasının kütləviliyinin təmin edilməsinin, onların idmanla sosial həyata inteqrasiyası istiqamətində görülən işlər və planlar barədə danışıb. Novruzov AAF-la qarşılıqlı əməkdaşlığın gələcəkdə yeni uğurların təməlini qoyacağına inam ifadə edib.

Meftahətdinova isə əməkdaşlığı inklüziv idmanın inkişafı istiqamətində mühüm addım adlandırıb. O bildirib ki, memorandum mövcud əməkdaşlığın genişləndirilməsinə, idman əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsinə əlavə imkanlar açacaq.

Daha sonra Cəfərov eşitmə məhdudiyyətli şəxslərin atıcılığın hər iki növünə cəlb edilməsi, Bakı atıcılıq mərkəzində keçirilən təlim-məşqlərdə, bir çox aktiv fəaliyyətlərdə iştirak etməsi, peşəkar müəllimlər tərəfindən xüsusi dərslərə cəlb olunması və onların yarışlara hazırlığı zamanı lazım olan avadanlıqlarla təmin edilməsi üçün hər cür şəraitin yaradılacağını vurğulayıb.

Bəylərov isə birgə əməkdaşlıq çərçivəsində atıcılıq idman növünə marağı və bacarığı olan eşitmə məhdudiyyətli şəxslərin cəlb edilməsi məqsədilə müxtəlif məktəb və tədris mərkəzlərində infosessiyalar, məlumatlandırma kampaniyaları təşkil ediləcəyini qeyd edib.

Həmin kateqoriyadan