AFFA-nın növbəti Hesabat Konfransı keçirildi, İK-ya 2 yeni üzv seçildi

Bu gün “Park İnn” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı keçirilib. Allsport.az xəbər verir ki, konfrans AÇ-2020-nin final mərhələsinin oyunlarına Bakı şəhərinin ev sahibi kimi namizədliyinin irəli sürülməsi ilə bağlı AFFA-nın sifarişi əsasında hazırlanmış videoçarxın nümayişi ilə başlayıb.

Sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın İcraiyyə Komitəsinin üzvü Karen Espelundu, Konfrans nümayəndələrini, qonaqları və mətbuat nümayəndələrini salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu bildirib.

Ardınca mandat komissiyasının sədri Mahmud Sadıqov məruzə edərək 35 nümayəndənin 31 nəfərinin Konfransda iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu bildirib.
Səsvermələrin nəticəsini hesablamaq üçün tərkibi Kamil Rəhimov, Zaur Axundov və Sakin Məmmədzadədən ibarət Say komissiyası seçilib.

Baş katib Elxan Məmmədov çıxış edərək Hesabat dövrü ərzində Azərbaycan futbolunda yaşanmış müsbət və mənfi məqamları vurğulayıb, ətraflı məruzə edib. Baş katib bildirib ki, AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında videoçarx hazırlanıb. Hesabat xarakterli videoçarxın nümayişindən sonra Elxan Məmmədov məlumat verib ki, hər bir Konfrans iştirakçısının qovluğunda AFFA tərəfindən hazırlanmış hesabat jurnalı, eyni zamanda videoxülasənin DVD-si var. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2014-cü ilin maliyyə hesabatını təqdim edib (maliyyə hesabatı saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Babək Məmmədovun hesabatı dinlənilib.

AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov çıxış edərək komitənin fəaliyyəti barədə məlumat verib.

Sonra Konfransın fəxri qonağı, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Karen Espelund çıxış edərək Konfransın işinə və Azərbaycan futboluna uğurlar arzulayıb. K.Espelund çıxışında Premyer Liqa klublarının nəzdində qadın komandalarının olmasının zəruriliyini, danışılmış oyunların olmaması üçün müvafiq sərt tədbirlərin görülməsinin vacibliyini xüsusi qeyd edib, UEFA-nın hər zaman bu məsələlərə həssas yanaşdığını deyib.

Ölkə futbolunda ortaya çıxa biləcək mübahisəli məsələlərin baxılması məqsədilə yeni komitənin – Apellyasiya və Arbitraj Komitəsinin yaradılması səsə qoyulub və yekdilliklə qəbul olunub.

Elxan Məmmədov bildirib ki, AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq Peşəkar Futbol Liqası İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdır və İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar hazırda PFL İcraiyyə Komitəsində 3 üzvlə təmsil olunur. Bununla bağlı, Peşəkar Futbol Liqası tərəfindən Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. Vaqif Sadıqovun İK-ya namizədliyi Peşəkar Futbol Liqasına “Sumqayıt” Futbol Klubundan verilib. Nizamnamənin eyni maddəsinə əsasən, İctimai Futbol Təşklatları İctimai Birliyi İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən İcraiyyə Komitəsinin üzvlüyündən azad olunmasını xahiş edib. Bununla bağlı, İctimai Futbol Təşklatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. Firudin Qurbanovun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.

Vakant yerlərin hər birinə yalnız bir namizəd olduğu üçün açıq səsvermə keçirilib. Vaqif Sadıqov və Firudin Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.

Respublika Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icra müddətinin başa çatması ilə əlaqədar AFFA tərəfindən hazırlanmış hesabat kitabı futbol ictimaiyyətinə və hökumət nümayəndələrinə təqdim olunub.

Konfrans başa çatdıqdan dərhal sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.

Həmin kateqoriyadan