Aftandil Hacıyev: “Bəzi futbolçulara ciddi xəbərdarlıq edəcəyəm”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 15-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, o, 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib:

“Oyunun gərgin keçəcəyini bilirdik. Hava şəraiti və Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirdiyimiz oyunların nəticələri bizim üçün əlverişli deyildi. Rəqibin zəif və güclü tərəfləri dəqiqliklə, hətta artıqlaması ilə çatdırılmışdı. İlk hissədə bizim də qol epizodlarımız oldu. Topları fərdi səhvlərdən buraxdıq.

İkinci hissə başlayan kimi isə Peyman Keşavarz qırmızı vərəqə aldı. Məncə, baş hakim Vüqar Həsənlinin bu qərarı sərt oldu. Çünki həmin vaxt Peymandan arxada 5 oyunçu var idi. Kubok oyununda da hakim səhvləri oldu. Amma bunun üzərində çox dayanmaq istəmirəm.

Bu gün də sarı və qırmızı vərəqələr çox oldu. Bununla bağlı komanda ilə danışacaq və hətta ola bilsin, bəzi futbolçulara ciddi xəbərdarlıq edəcəyəm. Hakimlər barədə çox danışmaq fikrim yoxdur. Sadəcə, oyunun axarında uduzursansa, psixoloji durum aşağı enir. Bu halda komandanı kökləmək olduqca çətinləşir. Rəqib layiqli qələbə qazandı”.

Həmin kateqoriyadan