AİJF yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb

Görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illiyi münasibəti ilə elan edilmiş “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. Allsport.az saytının məlumatına görə, iyulun 21-də Azərbaycan idman jurnalistləri federasiyasının ofisində, karantin qaydalarına əməl etməklə keçirilən görüşdə, təşkilatın prezidenti Qabil Mehdiyev 22 iyul – Milli mətbuat günü münasibəti ilə həmkarlarımızı təbrik edib.

O, böyük ustadın yubileyi çərçivəsində görülən işlərdən, yazı müsabiqəsində iştirakçıların idman mediamızın problemləri ilə bağlı toxunduqları mövzulardan, idman mətbuatının bu günkü vəziyyəti və planlardan danışıb.

O, qeyd edib ki, gənclər və idman nazirliyi və idman jurnalistləri federasiyası Milli mətbuat günü ilə əlaqədar veteran idman jurnalistlərini də diqqət mərkəzində saxlayıb, onlara ərzaq sovqatı paylanıb. Qabil Mehdiyev yaxın günlərdə federasiya üzvlərinə vəsiqələrin təqdim ediləcəyini bildirib.

Görüşdə iştirak edən AİJF-nin vitse-prezidenti Mahir Rüstəmli müsabiqəyə təqdim olunan yazılardan danışıb. Sonra müsabiqənin qalib və mükafatçıları elan edilib. Sport24.az portalının baş redaktoru Ceyhun Əliyev müsabiqədə 1-ci yeri tutub. Səbuhi Musa (oxu.az) 2-ci, Kənan Məstəliyev (rekord.az) 3-cü yerləri tutublar.

Fərqlənənlərə, müvafiq olaraq 500, 300 və 200 manat pul mükafatı, eləcə də, diplom və xatirə hədiyyələri təqdim edilib.

Həmin kateqoriyadan